Dövlət Gömrük Komitəsinin Akademiyasında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqerlə görüş keçirilib.
Newscenter.az DGK-ya istinadən xəbər verir ki, ABŞ səfirliyinin dəstəyi ilə Dövlət Gömrük Komitəsinin Akademiyasında qurulan linqafon kabinetinin açılışı münasibətilə təşkil olunan görüşdə Dövlət Gömrük Komitəsinin, Akademiyanın rəhbərliyi, əməkdaşları, ABŞ-nin Azərbaycandakı səfiri Li Litzenberqer və səfirliyin nümayəndə heyəti iştirak ediblər.
Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov qonaqları salamlayaraq onları Dövlət Gömrük Komitəsinin Akademiyasında görməkdən məmnun olduğunu bildirib. Sədr müavini səfirə gömrük işinin təşkili istiqamətində iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək, təhsil sahəsində əməkdaşlığın önəmini xüsusi olaraq qeyd edib. Daha sonra Cavad Qasımov linqafon kabinetinin açılışının perspektivindən söz açaraq bu addımın həm tələbələrin, həm də gömrük xidməti əməkdaşlarının inkişafı baxımından uğurlu addım olduğunu diqqətə çatdırıb. O, Linqafon kabinetinin qurulmasında, onun müvafiq tədris resursları ilə təmin olunmasında köməklik göstərildiyi üçün Dövlət Gömrük Komitəsinin və Akademiyanın rəhbərliyi adından səfirə və ABŞ hökümətinə öz təşəkkürünü bildirib.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini, prof. Cəmilə Namazova səfirə Dövlət Gömrük Komitəsinin Akademiyasının əsas fəaliyyət istiqamətləri haqqında məlumat verərək, tədris prosesində Akademiya tərəfindən tələbələrin xarici dil biliklərinin artırılmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Növbəti tədris ilindən etibarən müəyyən ixtisaslar üzrə tədrisin ingilis dilində aparılacağını vurğulayan rəis müavini, ABŞ səfirliyinin dəstəyi ilə qurulan linqafon kabinetinin açılışının həm tələbələrin, həm də gömrük xidməti əməkdaşlarının ingilis dili biliklərinin inkişafına mühüm töhfə verəcəyini əminliklə qeyd edib.
Tədbirdə Gömrük Akademiyasının beynəlxalq əməkdaşlıq üzrə koordinatoru Elvin Mecidov Akademiyanın ümumi fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsindəki əlaqələri, ABŞ-nin ali təhsil müəssisələri, akademik və gömrük təlimi qurumları ilə kadr potensialının gücləndirilməsi sahəsində əlaqələrin inkişaf etdirilməsi və nəzərdə tutulan təlim əməkdaşlığı haqqında geniş təqdimatla çıxış edib.
Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən səfir, səmimi qonaqpərvərliyə, həmçinin olduqca maraqlı və geniş təqdimata görə öz təşəkkürünü bildirib. Akademiyanın fəaliyyətini yüksək qiymətləndirən səfir ABŞ və Azərbaycan arasında ali təhsil, təlim-tədris sahəsində ikitərəfli əməkdaşlığın önəmini qeyd edərək, gömrük sahəsində bilik və bacarıqların artırılması istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin önəmli və vacib məsələ olduğunu bildirib.
Görüşün rəsmi hissəsindən sonra səfir Akademiyada yeni yaradılan linqafon kabineti, müasir texniki nəzarət vasitələri ilə təmin olunmuş auditoriyalarla tanış olub, ingilis dili fənlərinin tədris prosesini izləyib.
Daha sonra Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində olan ABŞ səfiri Li Litzenberqer mərkəzin fəaliyyəti ilə yaxından tanış olub. Səfirə məlumat verilib ki, Mərkəz 2003-cü ildə yaradılıb və 2015-ci ildən Ümumdünya Gömrük Təşkilatının regional mərkəzi statusunu alıb. Mərkəzin rəisi İlkin Osmanov qeyd edib ki, rəhbərlik etdiyi qurum kinoloqların hazırlanması, eləcə də narkotik vasitələr, partlayıcı maddələr, odlu silahlar və döyüş sursatının axtarışı üzrə xidməti itlərin təlimi üzrə ixtisaslaşıb. Nümayəndə heyəti xidməti itlərin və xüsusilə simulyator istifadə etməklə təlim keçirilməsi prosesi ilə tanış olublar.
Sevinc