Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda nar bağlarının güzəştli sığortası başlayıb

Azərbaycanda nar bağlarının güzəştli sığortası başlayıb


Aqrar Sığorta Fondu ölkədə ilk dəfə olaraq nar bağlarını sığorta etməyə başlayıb. Əkin sahələrində olduğu kimi, nar bağları üzrə də sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.

Newscenter.az xəbər verir ki, Aqrar sığorta nar bağlarını çoxsaylı risklərdən qoruyur. Belə ki, təminat verilən risklər sırasına dolu, sel-su basma, yanğın, qasırğa, fırtına, normadan artıq yağan qar, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir. Nar bağlarının sahibləri onu baza sığorta zərfi ilə yanaşı, ayrıca olaraq donvurma (şaxtavurma) halından, bitki xəstəlikləri və zərərvericilərdən, doluvurmadan keyfiyyət itkisi riskindən, eləcə də tinglərin və ağacların özünü ayrı-ayrılıqda sığorta etmək imkanlarına malikdirlər.

Nar bağlarının baza sığorta zərfi ilə sığorta tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 1,62%-3,08% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Aran bölgəsində sığorta tarifi 1,65% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.
Misal: Məhsuldarlığı 85 sentner, 1 sentnerin qiyməti 100 manat, yəni ümumilikdə 8 500 manatlıq məhsul gözlənilən nar bağının baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı olaraq 69-131 manat arasında dəyişir. Fermer bu məbləğin yalnız yarısını – 34,5-65,5 manatını ödəyir, qalan hissəni dövlət ödəyir. Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, fermerə 7 650 manatadək sığorta ödənişi edilə bilər.

Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.

Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik kalkulyatoru» bölməsində hesablaya bilərlər.

Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Sevinc
Xəbəri paylaş