Energetika naziri Pərviz Şahbazov Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) İnfrastruktur üzrə direktoru xanım Şeril Hanveyin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Newscenter.az-a Energetika Nazirliyindən bildirilib ki, nazir İFC ilə müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uzunmüddətli əməkdaşlığın mövcud olduğunu bildirib və hazırda davam edən “Dənizdə külək enerjisindən istifadəyə dair Yol Xəritəsi” layihəsinin bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi kontekstində əhəmiyyətini vurğulayıb. Xəzər dənizinin Azərbaycan sektorunda mövcud nəhəng külək enerjisi potensialının reallaşdırılması, özəl investisiyaların cəlbi, beynəlxalq əməkdaşlıqlar, gələcəkdə istehsal ediləcək “yaşıl enerji”nin şəbəkəyə inteqrasiyası, enerjinin ixracı, ümumilikdə bərpa olunan enerji üzrə hədəflər və planlar haqqında məlumat verilib. İFC ilə əməkdaşlığın inkişafı nəzərdən keçirilib, növbəti addımlarla bağlı müzakirələr aparılıb.
Xanım Şeril Hanvey isə İFC-nin enerji sahəsində özəl sektorun inkişafı və bu sahəyə investisiyaların cəlb olunması üzrə təcrübəsindən bəhs edib. Azərbaycanda gedən inkişaf prosesləri nəzərə alınmaqla ölkəmizdə “yaşıl enerji” üzrə infrastrukturun genişləndirilməsinə İFC-nin dəstəyi və bununla bağlı gələcək imkanların araşdırılmasına maraq ifadə edilib.
Sevinc