Rusiya Prezidenti Vladimir Putinin yaxın günlərdə Türkiyəyə səfər edəcəyi gözlənilir.
Newscenter.az-ın məlumatına görə,“Report” xəbər verir ki, bunu “Yeni Şafak” qəzeti yazıb.
Məlumata görə, Rusiyadan yüksək səviyyəli nümayəndə heyəti Ankaraya səfər edəcək. Nəşr yazıb ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novakın rəhbərlik etdiyi ticarət heyəti sabah, mayın 18-də Türkiyədə olacaq. Nümayəndə heyəti iqtisadiyyatla bağlı olan nazirliklərlə yüksək səviyyəli görüşlər keçirəcək.
Bundan başqa, qeyd olunub ki, Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə bir çox Avropa şirkəti Rusiya bazarından çəkilib. Bu aydan etibarən Rusiya Aİ və Afrikadan heç bir məhsul ala bilməyəcək. Nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə də bu məsələ gündəmdə olacaq. Türkiyə şirkətlərinin Rusiya bazarında yer alması üçün addımlar atılacaq.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı rusiyalı həmkarı Vladimir Putini Ankaraya yüksək səviyyəli işgüzar səfərə dəvət etmişdi. Bu çərçivədə yaxın günlərdə V.Putinin Türkiyəyə səfər edəcəyi gözlənilir.