“Bu gün Azərbaycan ilə Avrasiya bölgəsinin mühüm birliklərindən biri olan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir, tərəflər arasında konstruktiv dialoq mövcuddur və bu əlaqələr şaxələndirilmiş xarakter alıb. Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin, diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu qurum Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində böyük rol oynayır. Bu mənada təsadüfi deyildir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Elə Litva Respublikasının Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri də bu əlaqələrin inkişafı baxımdan xüsusi önəm daşıyır”.
Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və hazırda İttifaqın 9 üzv ölkəsi ilə respublikamız arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb:
“Elə Litva da həmin 9 ölkədən biridir. Litva Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlığın tərəfdarıdır. Litva Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişi də dəstəkləyir. Eyni zamanda, Azərbaycanla Latviya, Rumıniya, Xorvatiya, İtaliya, Macarıstan, Bolqarıstan, Çexiya və Polşa arasında imzalanan strateji tərəfdaşlıq haqqında sənəd də heç şübhəsiz ki, qarşılıqlı əməkdaşlığa layiqli töhfədir. Avropa İttifaqının üzvlərinin 1/3 hissəsinin Azərbaycanla strateji əməkdaşlıq əlaqələrində olması ümumilikdə İttifaqın Azərbaycana olan marağından və verdiyi əhəmiyyətdən də irəli gəlir. Əlbəttə ki, Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın da xarici siyasi kursunda üstünlük verdiyi məsələlərdəndir. Elə bu səbəbdəndir ki, Avropa İttifaqı və Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir və Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır”.
“Hazırda Azərbaycan mühüm enerji layihələrinin həyata keçirilməsində liderliyi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür” – deyən Ramil Vəlibəyov əlavə edib ki, regionda yaranan yeni vəziyyət Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın istiqamətlərini artıracağı da istisna edilmir:
“Sirr deyil ki, hazırda yaranmış situasiyaya uyğun olaraq Avropa İttifaqı öz enerji resursları mənbələrinin şaxələndirilməsini və yanacaq məhsullarında Rusiyadan asılılığına son qoymaq istəyir. Buna görə də, Avropa İttifaqında enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var. Bu mənada, Litva Respublikasının Prezidenti Gitanas Nausedanın da bildirdiyi kimi Azərbaycan enerji sektorunda Avropa İttifaqının etibarlı tərəfdaşıdır”.
Ruhiyyə