“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində Yaponiya hökumətinin və şirkətlərinin yaxından iştirak etdiyini bildirib, içməli və tullantı su sistemlərinin yenidən qurulması layihələrinin icrasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirib. E.Məmmədov Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar, Xaçmaz, Xızı, Qobustan, Naftalan şəhərlərində içməli və tullantı su sistemlərinin yenidən qurulduğunu xatırladıb. Su ehtiyatlarından səmərəli istifadə, su sektorunda mütərəqqi texnologiyaların tətbiqi, işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələri və digər sahələrdə qabaqcıl təcrübələrin önəmini diqqətə çatdırıb.
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlərin 30 illiyindən söz açıb, gələcəkdə də münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. C.Vada “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nin uğurla həyata keçirildiyini, əhalinin sosial rifahının və məişət şəraitinin yaxşılaşdırılmasına töhfə verdiyini diqqətə çatdırıb.
Su ehtiyatlarından səmərəli istifadənin aktual olduğu bir dövrdə yeni texnologiyaların tətbiqinin mühüm əhəmiyyət daşıdığı qeyd olunub, bu sahədə ixtisaslaşmış yapon şirkətlərinin “Azərsu” ASC ilə əmsəkdaşlığa hazır olduğu bildirilib.
Görüşdə içməli su təchizatı və tullantı su sektorunda gələcək əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.