İƏT Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Bakı Bəyannaməsinin imzalanması müsəlman ölkələri arasında siyasi, iqtisadi, ticari, mədəni əlaqələrin möhkəmləndirilməsinə töhvə verəcək mühüm tarixi hadisədir. Eyni zamanda Bakıda keçirilən İƏT PA-nın Üçüncü Ümumi Konfransında İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik Pakistandan Azərbaycana keçdi ki, bu da ölkəmizin dünya miqyasındakı yüksək etimadının və nüfuzunun göstəricisidir.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, konfrans iştirakçıları Azərbaycanın Vətən müharibəsindəki qazandığı parlaq qələbəni İslam dünyasının Zəfəri kimi dəyərləndirdiklərini bildirmiş, Azərbaycanın dünya miqyasında humanitar çağırışların, faydalı təşəbbüslərin müəllifi kimi tanındığını diqqətə çatdırmış və İƏT PA-ya sədrlik edəcəyi müddətdə də bu istiqamətdə multikultural dəyərlərə malik tolerant ölkə kimi səmərəli fəaliyyət göstərəcəyinə inamlarını ifadə ediblər:
“ Milli Məclisdə İƏT PA-nın «Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları» mövzusunda keçirilən Üçüncü Ümumi Konfransında çıxış edən Azərbaycan parlamentinin sədri Sahibə xanım Qafarova ölkəmizin İƏT PA-ya sədrliyi layiqincə yerinə yetirəcəyini, təşkilatın tam potensialının üzə çıxarılması, dayanıqlı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində Milli Məclisin üzvlərinin fəallıqlarını daha da artıracağını vurğuladı.”
Azərbaycan hər zaman beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atmış, böyük təşəbbüslər irəli sürmüşdür – deyən Sədaqət Vəliyeva əlavə edib ki, xüsusilə, ölkə başçısı, cənab Prezident İlham Əliyevin təşəbbüsü əsasında Azərbaycan Respublikası tərəfindən COVID-19 pandemiyasından əziyyət çəkən ölkələrə maliyyə, humanitar yardımları və virus əleyhinə peyvəndlər ianə edilmişdir:
“Əlbətdə bütün bunlar Azərbaycanın multikultural dəyərlərə, humanizm prinsiplərinə sadiqliyinin bariz sübutudur. Əminəm ki, ölkəmiz ona göstərilmiş İƏTPA-na sədrlik kimi böyük etimadı yüksək səviyyədə doğruldacaq, təşkilat ölkələri arasında əməkdaşlığın inkşafına öz töhvəsini verəcək.”
Ruhiyyə