Mayın 18-də İstanbulda Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinin ev sahibliyində Beynəlxalq Türk Akademiyasına üzv ölkələr - Azərbaycan, Qazaxıstan Qırğızıstan və Türkiyədən olan nümayəndələrin iştirakı ilə tarixi bir hadisəyə şahidlik etdik. Türk Dövlətləri Təşkilatı Zirvə Görüşündə alınan qərar əsasında Türk Akademiyası tərəfindən hazırlanan “Ortaq Türk Tarixi”, “Ortaq Türk Ədəbiyyatı”, “Türk Dünyası Coğrafiyası” dərsliklərinin yekun variantı üzərində razılıq əldə olundu və hər üç dərsliyin məzmunu təsdiqləndi.
Newscenter.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli səsləndirib. O bildirib ki, Türk Akademiyası Elmi Şurasının üzv dövlətlərin təhsil nazirlərinin iştirakı ilə önümüzdəki ay Qazaxıstanda keçiriləcək iclasında qəbul ediləcəyi təqdirdə dərsliklər orta məktəblərimizdə tədris olunmağa başlayacaq:
"İnanırıq ki, tarix ortaq keçmişimizin, ədəbiyyat ortaq düşüncə və mədəniyyətimizin, coğrafiya ortaq məkan anlayışımızın dərk olunmasına, Türk dünyasında uyumun, birlik və bərabərliyin təsis olunmasına əvəzsiz töhfə olacaq. Bu işdə əməyi keçən hər kəsə, ortaq dərsliklərin hazırlanması təlimatını verən dövlət başçılarımıza, üzv dövlətlərimizin müvafiq nazirliklərinə və təmsilçilərinə, Türk Akademiyası rəhbərliyinə və əməkdaşlarına, dəstəyini əsirgəməyən qardaş təşkilatlara təşəkkürümüzü bildiririk. Ayrıca, 3 günlük toplantını ən yüksək səviyyədə təşkil edən, qonaqpərvərlik göstərən Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyinə və əməkdaşlarına, uyum içində çalışan ekspertlərimizə minnətdarlığımızı çatdırırıq".
Mehman