Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baydenin təbrik məktubu: Ağ Evdən verilən mesajlar

Baydenin təbrik məktubu: Ağ Evdən verilən mesajlar


Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə Amerika xalqı adından təbrik məktubu ünvanlayıb. Bu Baydenin il ərzində Prezident İlham Əliyevə ikinci belə təbrik məktubudur. Bundan öncə də o, Novruz bayramı münasibəti ilə təbrik ünvanlamışdı.

Hesab edirəm bu rəsmi Vaşinqtonun Bakıya verdiyi dəyərin göstəricisidir. Məsələ ondadır ki, hazırda dünyada 200-ə yaxın ölkə var və ABŞ heç də bütün ölkələrin rəsmi bayramlarında həmin ölkənin prezidentinə, xalqına təbrik göndərmir. Ənənəvi anqlo-sakson diplomatiyasının spesifik cəhətlərindən biri olan bayram təbriki edən ölkənin təbrik ünvanlanan ölkəyə verdiyi qiymətin, dəyərin göstəricisidir.
Co. Baydenin Prezident İlham Əliyevə təbrik məktbunda bir sıra məqamlar diqqət çəkir:

Birincisi, Baydenin təbrik məktubundan ilk diqqət çəkən məqam onun ABŞ ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etməsidir. Bayden bildirib ki, ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır.

Azərbaycanın 20 faiz torpağının 27 ildən artıq bir müddətdə erməni işğalına məruz qalmasına və bu illər ərzində Ermənistanla de-fakto müharibə şəraitində olmasına baxmayaraq rəsmi Bakının regionda icra etdiyi meqa enerji layihələri Vaşinqtonun diqqətini çəkir. Xüsusilə TAP və TANAP kimi Avropanın enerji təminatı baxımından perspektiv vəd edən layihələrin ərsəyə gəlməsi Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlığı zəruri hala gətirir.

Bakının geosiyasi mövqeyi, digər neft və qaz ölkələri olan Mərkəzi Asiyaya yaxınlığı, ərəb ölkələri ilə isti münasibətləri, ən əsası İsraillə strateji tərəfdaşlığı, Vaşinqtonun nəzərində Bakının önəmini də artırır.

İkincisi, Bayden təbrik məktubunda Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımına da toxunub. Hesab edirəm Baydenin bu məsələyə toxunması heç də təsadüfi deyil. Belə ki, mövcud Ukrayna-Rusiya müharibəsində Azərbaycanın sərgilədiyi balans siyasəti, eyni zamanda rəsmi Kiyevə humanitar yardımların edilməsi Azərbaycanı ABŞ nəzdində etibarlı tərəfdaş halına gətirir. Bu həm də bir müddətdir rəsmi Bakını Kremlə dəstək verməkdə ittiham edənlərə də tutarlı cavabdır.
Üçüncüsü, Bayden Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanının yetişdiyini qeyd edib. O, Amerika Birləşmiş Ştatlarının bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazır olduğunu bildirib.

ABŞ Brüssel formatı çərçivəsində rəsmi Bakı və İrəvanın sülhə doğru konstruktiv addımlar atdığını yaxından izləyir. Tərəflərin uzlaşmasının mümkünlüyü Vaşinqtonun hərəkətə keçməsi üçün əsas yaradır. Yəni hazırda Brüsselin, Kremlin etdiyi kimi Vaşinqtonda çalışr ki, Ermənistan ilə Azərbaycan arasında gərginlik sona çatsın, uzlaşma əldə edilsin və bunun səbəbkarı kimi özü çıxış etsin.

Hesab edirəm indiki məqamda Ermənistan və Azərbaycanın uzlaşmasında ABŞ-ın müsbət töhfələri ola bilər. Ən azından Kreml, Brüssel kimi Vaşinqtona da bu istiqamətdə şans tanımaq olar. Bu həm də Bakının əlini gücləndirə bilər. Yəni Kremli Brüssel və Vaşinqtonun vasitəçiliyi ilə əlavə təxribatlardan, İrəvanı şirnikləşdirici vədlər verməkdən uzaqlaşdıra bilər.

Dördüncüsü, Baydenin məktubunda diqqət çəkən bir digər məqam da onun “Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir” deməsidir.

Bayden əslində bu sözləri ilə Azərbaycanı bütün xarici təhlükələrə qarşı dəstəklədiyini, eyni zamanda Vaşinqtonun yanında yer almasını istədiyini elan etmiş oldu.

44 günülük müharibə sornası regionda siyasi reallıqların əsaslı surətdə dəyişməsi, eyni zamanda beynəlxalq aləmdə kartların yenidən paylanması rəsmi Bakının əhəmiyyətini bütün geosiyasi oyunçular üçün artırır. Azərbaycanın geosiyasi mövqeyi siyasi sabitliyi, eyni zamanda Mərkəzi Asiyaya əlçatan olması da bunu tətikləyən amillərdəndir. Azərbaycan hazırda istər ABŞ, istər Rusiya, hətta Çin üçün belə mühüm tərəfdaş ölkədir.

Turan Rzayev-siyasi ekspert
Xəbəri paylaş