Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Şuşada keçirilmiş VII üçtərəfli iclasının iştirakçıları ilə görüşüb

Sahibə Qafarova Şuşada keçirilmiş VII üçtərəfli iclasının iştirakçıları ilə görüşüb


Mayın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilmiş VII üçtərəfli iclasının iştirakçıları ilə görüşüb.

Newscenter.az xəbər verir ki, parlamentin sədri üç dost və qardaş ölkə parlamentlərinin Xarici əlaqələr komitələrinin növbəti iclasının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirərək bu görüşlərin ölkələrimiz arasında parlamentlərarası münasibətlərin inkişafına yeni töhfə verəcəyini deyib.

Bildirilib ki, üç ölkə arasında müxtəlif sahələri əhatə edən çox səmərəli ikitərəfli və üçtərəfli əməkdaşlıq formatı yaranıb. Bu münasibətlər regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa kömək edir.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan-Türkiyə-Gürcüstan xalqları arasında möhkəm tarixi bağlılıq, dostluq və qardaşlıq münasibətləri mövcuddur. Azərbaycanın həm Türkiyə, həm də Gürcüstan ilə çox möhkəm təməllər üzərində qurulmuş münasibətləri var. Ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq dövlət başçılarımız, parlamentlər və digər səviyyələrdə ardıcıllıqla dəstəklənməkdədir. Nüfuzlu beynəlxalq qurumlarda biz həmişə həmrəylik nümayiş etdirir və bir-birimizin mövqeyini müdafiə edirik. Sahibə Qafarova deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan qlobal əhəmiyyətə malik, irimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində də uğurlu əməkdaşlıq edirlər.

Milli Məclisin sədri parlamentlər səviyyəsində əməkdaşlıqdan danışarkən, bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisin spikeri Mustafa Şentopun İƏT PA-nın Üçüncü Ümumi Konfransında iştirakını və tədbirdə iştirak edən spikerlərin, nümayəndə heyəti başçılarının Şuşaya səfərlərini xatırladıb. O, bu ilin aprel ayında Gürcüstana rəsmi səfəri zamanı burada keçirdiyi görüşləri, aparılan danışıqları yüksək dəyərləndirib. Üç ölkə parlamentlərinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilmiş VII üçtərəfli iclasının əhəmiyyətini bir daha vurğulayan spiker, belə bir tədbirin işğaldan azad olunmuş torpaqlarda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsini müsbət dəyərləndirib.

Bildirilib ki, uzun müddət işğal altında qalmış ərazilərimizdə Ermənistan tərəfindən bütün şəhər və kəndlər dağıdılıb, tarixi, mədəni və dini obyektlər vandalizmə məruz qalıb.

Spiker Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüşlərdən də danışıb. Bildirib ki, Ermənistan üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməli, məsələyə konstruktiv yanaşma sərgiləməlidir. Post-münaqişə dövründə Cənubi Qafqazda əməkdaşlıq üçün yeni imkanlar yaranmışdır. Heç şübhə etmirik ki, bu imkanlardan istifadə bölgəyə sülh və əmin-amanlıq gətirəcək.

Görüşdə çıxış edən Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze ölkəmizə səfərindən və burada keçirilən tədbirlərdən məmnunluğunu ifadə edib. Qeyd edilib ki, belə tədbirlər regional əməkdaşlıq və parlamentlərarası münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir. O, parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov üç ölkə parlamentinin Xarici əlaqələr komitələrinin Şuşada keçirilmiş iclası barədə danışıb, müzakirə olunan məsələlər barədə fikirlərini bölüşüb.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç tədbirin ölkəmizin işğaldan azad olunmuş Şuşa şəhərində təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edilib ki, Türkiyə Azərbaycanı həmişə dəstəkləyib. İki ölkə liderlərinin Şuşa görüşü bunun bariz nümunəsidir. İnanırıq ki, tezliklə regionda davamlı sülh və sabitlik yaranacaqdır. Türkiyəli qonaq parlamentlərin Xarici əlaqələr komitələrinin üç tərəfli görüşlərinin gələcəkdə də davam etdirilməsinin mövqelərin tutuşdurulması baxımından əhəmiyyətini vurğulayıb.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Arzu
Xəbəri paylaş