Bakıdan qalxan təyyarə 35 dəqiqədən sonra Qarabağın hava qapısı, Füzuli hava limanında eniş edir. 8 ay ərzində inşa olunmuş və ən müasir standartlara cavab verən hava limanı möhtəşəmliyi ilə göz oxşayır. Qonaqlarda rəğbət hissi oyadır, bizi isə qürurlandırır.
Avtobuslarla, yeni salınmış Zəfər Yolu ilə Şuşaya üz tuturuq. Yol boyu yerlə yeksan olunmuş kəndləri, yaşayış məntəqələrini, ümumiyyətlə erməni işğalının izlərini hər addımda müşahidə edirik. Özlərini dünyanın ən qədim, ,,mədəni,, milləti hesab edən tayfanın, 30 il ərzində inşa etdikləri nə bir binaya və yaxud əkdikləri bir agaca rast gəlmədik. Ağac əvəzinə mina basdırmaqla məşğul olmuşlar. Müşahidələrimə əsaslanaraq məsuliyyətlə bildirirəm ki, Həyat Qarabağda 1992-ci ildə dayanmışdı.
ŞUŞA…
Uzun illər həsrətində olduğumuz, hər bir azərbaycanlının qəlbində özünəməxsus yer tutmuş Müqəddəs şəhər. ATƏT-n Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar zamanı ermənilər Şuşanı azad etmək barədə ümumiyyətlə düşünmürdülər. Etiraf edək ki, keçmiş ( DQMV) inzibati ərazisindən kənar rayonların azad olunması barədə inamımız heç zaman itməmişdi. Lakin, Şuşa ilə əlaqədar optimist notlara köklənmək mümkün deyildi. Nə böyük xoşbəxtlik ki, olduqca mürəkkəb geosiyasi şərtlər daxilində mümkün olmayanı reallığa çevirməyi bacaran Prezidentimiz İlham Əliyev vardlr. Qarabağı, Şuşanı, sıldırım qayalıqları yerində gördükdən sonra Qələbənin miqyası heyrət doğurur. Ali Baş Komandanın bilavasitə rəhbərliyi ilə Müzəffər Ordumuzun keçirdiyi hər bir hərbi əməliyyat dastandır, qəhrəmanlıq nümunəsidir. Allah Şəhidlərimizə rəhmət eləsin.
İlk dəfədir Şuşada oluram. Ani olaraq uzaq keçmişlər, uşaqlıq xatirələri yada düşür. SSRİ-də 3 aylıq yay tətilləri zamanı məktəblilər pioner düşərgələrində istirahət edirdi. 1972-ci ildə biz Şuşadakı düşərgəyə getməliydik. Son anda orda yer məhdudluğu olduğu üçün Şəkinin Kiş kəndinə getməli olduq. Məlum hadisələr nəticəsində Şuşanı görəcəyimə ümid qalmamışdı. 50 ildən sonra.. Şükürlər Tanrıya.
Şəhərin girişindən tutmuş, hər tərəfdə geniş miqyaslı tikinti-quruculuq, bərpa işləri aparılır. Cıdır düzü, Vaqifin məqbərəsi, qədim məscidlər, güllələnmiş büstlər, enişli-yoxuşlu küçələr, hər addımda dağıdılmış, nə vaxtsa imkanlı şəhər sakinlərinə, ziyalılara, tarixi şəxslərə məxsus böyük mülklər, Şuşa qalası, Natəvan bulağı, ən əsası gözəl təbiət, təmiz dağ havası, mədəniyyət paytaxtımızın yad energetikanı, erməni ruhunu qəbul etmədiyini göstərirdi. Şuşaya doğma azərbaycanlı ruhu birdəfəlik qayıtmışdır.
Azərbaycanın və Türk Dünyasının Mədəniyyət Paytaxtı növbəti dəfə beynəlxalq tədbirə,
Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin 7-ci üçtərəfli iclasına ev sahibliyi etdi.
İclasın Şuşada keçirilməsi, hər üç ölkəni təmsil edən parlamentarilərdə yüksək əhval ruhiyyə yaratdı və müvafiq şərait yaratdığına görə ölkə rəhbərliyinə xüsusi təşəkkürlərini bildirdilər.
Qalib xalqın nümayəndəsi olmaq, olduqca xoş, qürurverici hissdir.
Nəsib Məhəməliyev-Milli Məclisin deputatı