Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Seneqal gömrük xidmətinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Seneqal gömrük xidmətinin nümayəndə heyəti Azərbaycanda səfərdədir


Dövlət Gömrük Komitəsində Seneqal Respublikası Baş Gömrük İdarəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
Səfərdə məqsəd Azərbaycan gömrük orqanlarının əldə etdiyi qabaqcıl təcrübələri öyrənmək, eyni zamanda, potensialın gücləndirilməsi sahəsində əməkdaşlığı gücləndirməkdir.

Newscenter.az-a qurumdan bildirilib ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov iki ölkənin gömrük orqanları arasındakı əlaqələrdən məmnunluqla bəhs edib. Bildirilib ki, 2016-cı ildə gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında sazişin imzalanmasında sonra tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaranıb.

İsmayıl Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan gömrük sistemində həyata keçirilən islahatlardan danışıb və tətbiq edilən yeniliklər hesabına bir sıra nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, ölkənin ixrac potensialının artırılması, beynəlxalq ticarətin asanlaşdırılması, tranzitin inkişaf etdirilməsi, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi istiqamətində gömrük orqanları tərəfindən bir sıra layihələr həyata keçirilir.

Azərbaycan gömrüyündə informasiya texnologiyalarının tətbiqinin genişləndirildiyini, bütün gömrük əməliyyatlarının elektron qaydada həyata keçirildiyini diqqətə çatdıran İsmayıl Hüseynov onu da bildirib ki, hədəf qısa zaman kəsiyində rəqəmsal gömrüyün formalaşdırılmasıdır. Həmçinin son illər həyata keçirilən “Yaşıl dəhliz”, “Bir pəncərə”, “e-növbə” və digər layihələrdən bəhs edilib, qaçaqmalçılıqla mübarizə, xüsusilə, nakotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması istiqamətində əldə edilən uğurlardan danışılıb.

İsmayıl Hüseynov beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verildiyini vuğulayıb, bu məqsədlə həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsi olaraq Azərbaycan gömrük xidmətinin 2 il müddətinə ÜGT-nin Avropa Regionuna rəhbərlik etdiyini, 2021-ci ildə isə təşkilatın Siyasi Komissiyasına üzv seçildiyini bildirib.

O da vurğulanıb ki, qabaqcıl təcrübələrin paylaşılması gömrük sisteminin inkişafı baxımından mühüm amildir və Azərbaycan gömrüyü bu istiqamətdə bütün çağırışları dəstəkləyir.

Seneqal Respublikası Baş Gömrük İdarəsinin gömrük əməliyyatları üzrə direktoru Mbaye Ndiaye iki ölkənin gömrük orqanları arasındakı əməkdaşlıqdan məmnunluqla bəhs edib və qarşılıqlı münasibətlərin daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Təmsil etdiyi qurumun fəaliyyəti, ölkəmizə səfərin önəmi barədə danışan Mbaye Ndiaye Azərbaycan gömrüyünün əldə etdiyi qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqində maraqlı olduqlarını diqqətə çatdırıb.

Sonda Azərbaycan gömrüyünü fəaliyyəti, tətbiq edilən yeniliklər barədə təqdimat nümayiş etdirilib, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Səfər çərçivəsində Seneqal gömrüyünün əməkdaşları ərazi və ixtisaslaşmış gömrük orqanlarında tətbiq edilən yeniliklər və layihələrlə əyani şəkildə tanış olacaqlar.

Sevinc
Xəbəri paylaş