Bakıda keçirilən Bitki Sağamlığı Forumu çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Latviya Respublikasının kənd təsərrüfatı nazirinin müşaviri Edvards Ratnieks və Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidmətinin direktoru Sergeyus Fedotovasla görüşüb.
Newscenter.az quruma istinadən xəbər verir ki, AQTA sədri Q. Təhməzli ölkəmizdə qida təhlükəsizliyi sisteminin institusional dəyişikliyi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini, günümüzdə bitki sağlamlığının təmin olunmasının məhsuldarlığın artırılması, beynəlxalq ticarətin asanlaşdırılması və ekoloji tarazlığın qorunması üçün olduqca əhəmiyyətli məsələyə çevrildiyini bildirib. Ölkəmizdə bitki sağlamlığı və bitki mühafizəsi sahələrində hüquqi bazanın təkmilləşdirilməsi, müvafiq sahədə nəzarət sisteminin inkişafı ilə bağlı əhəmiyyətli nəticələrin əldə edildiyi vurğulanıb.
“Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya”nın 8-ci iclası çərçivəsində Latviyaya səfərindən də söz açan Q.Təhməzli “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalandığını diqqətə çatdırıb. Səfər əsnasında Latviya Respublikasının kənd təsərrüfatı naziri Kaspars Gerhards ilə görüşdüyünü də qeyd edən AQTA sədri orada müzakirə olunan istiqamətlərə Latviya tərəfinin çox müsbət yanaşdığnı, bu məsələlərin birgə əməkdaşlıq çərçivəsində həllində yüksək nəticələr əldə olunacağına əminliyini ifadə edib. Sözügedən sazişin ikitərəfli münasibətlərin gələcək inkişafı üçün normativ əsaslar yaratdığını da deyən Agentlik rəhbəri bütün istiqamətlər, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalı və bitki sağlamlığı sahəsində uzunmüddətli əməkdaşlıq üçün əlverişli imkanların mövcud olduğunu diqqətə çatdırıb.
Görüş çərçivəsində dövlət sərhədləri və gömrük keçid məntəqələrində fitosanitar nəzarətin təmin edilməsi üzrə mütəxəssis mübadiləsi, bitki zərərvericilərindən azad zonanın yaradılmasında texniki dəstək, eləcə də pestisidlərin və gübrələrin qeydiyyatının təkmilləşdirilməsi məsələləri də müzakirə olunub.
Daha sonra qarşılıqlı əməkdaşlığın gündəliyinə daxil olan məsələlər və maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.
Sevinc