Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan Respublikasının, Rusiya Federasiyasının prezidentləri, Ermənistan Respublikasının baş naziri üçtərəfli bəyanat imzaladı. Lakin Ermənistan bu bəyanatın müddəalarına tam əməl etmir, işğaldan azad edilmiş ərazilərə həmlələr edir, o ərazilərdə təxribatlar törətmək istəyir. Azərbaycan Ordusunun hissələri düşmənin bütün hərbi niyyətlərinin qarşısını qətiyyətlə alır.
Belə bir vəziyyət beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə regionda əlaqələrin inkişafı müzakirə olunub.
Görüşdə minaların təmizlənməsi və itkin düşənlərin taleyi də müzakirə olunub. Diqqəti çəkən bir məqam minaların təmizlənməsidir. O minalar hardan təmizlənməlidir? O minaları orda kim basdırıb? Bu suallar niyə cavabını tapmasın? Niyə suçlunun suçu beynəlxalq səviyyədə bildirilməsin? Bunlar olmadan normal danışıqlar baş tuta bilərmi?
Görüşdə qeyd edilmişdir ki, yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının birgə iclasi keçiriləcək, sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər həll ediləcəkdir. Cənab prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan tərəfi xeyli vaxtdır ki, sərhədin delimitasiyası üçün bütün hazırlıq işlərini başa çatdırıb və Ermənistan tərəfini gözləyir.
”Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” cənab prezident İlham Əliyevin imzaladığı sərəncam bir daha göstərir ki, Azərbaycan dövləti regionda sülhün tərəfdarıdır prinsipinə tam sadiqdir.
Görüşdə beynəlxalq daşınmalar, təhlükəsizlik məsələləri də müzakirə edilib. Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin müzakirəsinin davam etdirmək barədə də razılaşma əldə edilib. Bunlar gərəkli məsələlərdir. Bəs Ermənistanın Vətən müharibəsindən sonra təxribatlar niyyəti ilə həmlələr, hücumlar etməsi niyə müzakirə edilməsin? Yoxsa Avropa İttifaqı Şurası bunlardan xəbərsizdir?
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi digər beynəlxalq təşkilatlara da belə görüşlərdə daha səmimi, daha ciddi və tərəfsiz olmağı xatırladır.
Səbinə Xasayeva-Milli Məclisin deputatı