Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın sürüşkən və qeyri-sabit mövqeli baş naziri

Ermənistanın sürüşkən və qeyri-sabit mövqeli baş naziri


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ev sahibliyi və vasitəçiliyi ilə dünən Brüsseldə baş tutan və 5 saatdan çox çəkən növbəti Əliyev-Paşinyan görüşünün tamamilə Azərbaycanın maraqlarına uyğun keçdiyini deyə bilərik. Üçüncü Brüssel görüşünün nəticələrini ümumiləşdirsək, Azərbaycanın mövqeyi Ş.Mişelin verdiyi bəyanatda tam əks olunub.

Bu görüşdə Ermənistan tərəfinin məsuliyyətsiz davranışları nəticəsində bundan əvvəl əldə olunmuş Moskva, Soçi və Brüssel razılaşmalarının icrası prosesinin tormozlandığı çox açıq şəkildə Nikol Paşinyanın diqqətinə çatdırılıb.

İndi kimlərsə Şarl Mişelin bəyanatını məcburi sənəd deyil, tost adlandırırsa, bu onların öz işidir. Ancaq fakt budur ki, Şarl Mişel tərəflərin sıx təmasda qalmağa razılaşdığını və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüş keçiriləcəyini bildirdi. Bu isə o deməkdir ki, növbəti görüşə qədər artıq bir sıra real addımlar atılacaq.

Bəyanat onu deməyə əsas verir ki, bu dəfəki görüş həqiqətən də kifayət qədər məhsuldar keçib və Ermənistanın baş naziri qeyd olunan razılaşmaların icrası üçün hərəkətə keçəcəyi barədə konkret öhdəlik götürüb.

İyul-avqust aylarına nəzərdə tutulan növbəti görüşə qədər sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması istiqamətində proseslərə start veriləcək. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlər də diqqət mərkəzində saxlanacaq.

Prezident İlham Əliyev həmişəki kimi bu görüşdə də sülh gündəminə sadiqlik nümayiş etdirdi. Rəsmi Bakı Ermənistan rəhbərliyindən də eyni sadiqliyi tələb edir və gözləyir. Bu baxımdan dünənki görüşdə Paşinyana sonuncu dəfə şans verildi.

Əgər Ermənistanın sürüşkən və qeyri-sabit mövqeli baş naziri Kremlin rəhbərinin diktəsi ilə növbəti dəfə Brüsseldə üzərinə götürdüyü öhdəliklərin arxasından qaçsa, o zaman rəsmi Bakı qarşı tərəfi güc yoluyla sülhə məcbur etmək hüququndan istifadə edə bilər.

Bu baxımdan, Brüssel prosesinin artıq aktiv mərhələyə keçdiyini deyə bilərik. Ermənistanın məsuliyyətdən boyun qaçırmaq imkanları tükənib. Artıq yolun sonu görünməkdədir.


Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş