Mayın 22-də Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutan görüşdə əldə olunan nəticələr, ölkəmizin maraqlarının və regionda sülhün təmin olunması baxımından əlamətdar oldu. Görüşün başa çatmasından bir gün sonra mayın 23-də cənab Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı. Eyni zamanda müvafiq olaraq Ermənistanın baş naziri də bu istiqamətdə sənəd imzalamışdır. Artıq Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci görüşünün gələn həftə Moskvada keçirilməsi ilə bağlı razılıq da əldə olunmuşdur.
Bütün bunlar Brüssel görüşünün məhsuldar və səmərəli keçdiyinin və görüşdən konkret nəticələrin əldə olunmasının göstəricisidir. Eyni zamanda Brüssel görüşündə nəqliyyat əlaqələrinin açılması, sülh sazişinə dair məsələlərlə bağlı bir sıra razılıqların əldə olunması yaxın zamanlarda Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanacağından xəbər verir.
Əlbətdə Azərbaycanın maraqlarının təmin olunması istiqamətində əldə edilən bütün nəticə və uğurlar ölkə başçımız, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən siyasətin nəticəsində mümkün olmuşdur. Dünya ictimaiyyəti növbəti dəfə Azərbaycan prezidenti İlham Əliyevin qətiyyətinin, liderlik qabiliyyətinin, dünya miqyaslı böyük siyasətçi olmasının və ölkəsinin maraqlarını hər şeydən üstün tutmasının şahidi oldu.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı