Dövlət Gömrük Komitəsinin Akademiyasında Seneqal Respublikası Baş Gömrük İdarəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov gömrük işinin təşkili sahəsində iki ölkə arasında mövcud əlaqələrdən bəhs edərək təhsillə bağlı əməkdaşlığın da önəmini vurğulayıb. O, rəhbərlik etdiyi ali təhsil müəssisəsində müxtəlif istiqamətlər üzrə gömrük orqanları üçün peşəkar kadrların hazırlandığını bidirib, Akademiyada innovativ və səmərəli texnologiyaların tətbiqi ilə həyata keçirilən tədris prosesi haqqında qonaqlara məlumat verib.
Qulu Novruzov həmçinin ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin qorunması sahəsində gömrük orqanlarının səmərəli fəaliyyətindən danışıb, bu istiqamətdə gömrük əməkdaşlarının peşəkar hazırlığının vacibliyini qeyd edib. Akademiyanın rəisi Azərbaycan və Seneqal gömrük orqanları arasında gömrük işinin daha da inkişaf etdirilməsi istiqamətində akademik sahədə gələcək əməkdaşlığın əhəmiyyətinə toxunub.
Seneqal Respublikası Baş Gömrük İdarəsinin gömrük əməliyyatları üzrə direktoru Mbaye Ndiaye gömrük xidmətinin peşəkar kadrlarla təmin edilməsi istiqamətində Akademiyanın səmərəli fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycan gömrüyünün əldə etdiyi qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqində maraqlı olduqlarını diqqətə çatdırıb.
Sonra Gömrük Akademiyasının beynəlxalq əməkdaşlıq üzrə koordinatoru Elvin Mecidov təqdimatla çıxış edərək Akademiyanın fəaliyyəti - beynəlxalq əməkdaşlıq sahəsində nailiyyətlər, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr barədə qonaqlara məlumat verib.
Təqdimatda iki ölkənin gömrük orqanları arasında kadr potensialının gücləndirilməsi istiqamətində yaradıla biləcək təlim əməkdaşlığı məsələsinə də toxunulub.
Daha sonra qonaqlar Akademiyada tələbələr və ixtisasartırma kurslarında iştirak edən gömrük xidməti əməkdaşları üçün yaradılan şəraitlə, həmçinin yeni qurulan linqafon kabineti, müasir texniki nəzarət vasitələri ilə təmin olunan auditoriyalar və tədris prosesilə tanış olublar.
Sevinc