Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ Dirçəliş Fondu daha bir dövlət qurumu ilə memorandum imzaladı

Qarabağ Dirçəliş Fondu daha bir dövlət qurumu ilə memorandum imzaladı


Memorandumu Diasporla iş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov və Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.

Newscenter.az-a Fonddan bildirilib ki, memorandumun əsas məqsədi əməkdaşlıq çərçivəsində birgə layihələr və tədbirlər həyata keçirməklə, işğaldan azad edilmiş ərazilərin yüksək rifaha malik regiona çevrilməsinə töhfə verməkdir. Sənəd xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları və digər xalqların nümayəndələri tərəfindən erməni işğalı nəticəsində Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən mədəni irsə, təbii sərvətlər və bioloji tərəfdaşlığa vurulan zərər haqqında dünya ictimaiyyətinin məlumatlandırılmasını, Qarabağda həyata keçirilən tədbirlərin və investisiya potensialının dəstəklənməsi məqsədilə ianəçiliyi, dövlət-özəl tərəfdaşlığının təsviq edilməsini əhatə edib.

Tədbirdə çıxış edən Komitə sədri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Qarabağda aparılan quruculuq işləri və Qarabağ Dirçəliş Fondunun fəaliyyəti barədə mütəmadi məlumatlandırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, memorandumun əhatə etdiyi fəaliyyət istiqaməti Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayı zamanı müəyyənləşdirilən strategiyada da öz əksini tapıb. Təsadüfi deyil ki, Zəfər Qurultayının iki panelindən biri “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusuna həsr olunub.

Qarabağ Dirçəliş Fondunun fəaliyyətə başladığı ilk gündən DİDK-dan dəstək gördüyünü deyən R.Hacıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Zəfər Qurultayında iştirakını və tədbir iştirakçıları ilə təmaslarını məmnunluqla xatırlayıb, diaspor təşkilatlarının rəhbərlik etdiyi fondla səmərəli əməkdaşlığına ümidvar olduğunu bildirib. Görüşdə Rəhman Hacıyev Fondun ötən ilin yekunlarına dair, eyni zamanda cari fəaliyyəti barədə məlumat verib.

Sonra birgə əməkdaşlıq çərçivəsində görülməsi nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər bu əməkdaşlığın işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmaya, əlverişli həyat şəraitinin yaradılmasına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Sevinc
Xəbəri paylaş