Seneqal Respublikası Baş Gömrük İdarəsinin gömrük əməliyyatları üzrə direktoru Mbaye Ndiayenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Kənan Məmmədov, Komitənin aidiyyəti strukturlarının əməkdaşları iştirak edib.
Dövlət Gömrük Komitəsinin ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisindəki nümayəndəsi Mirhəsən Seyidzadə qonaqlara qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Ümumdünya Gömrük Təşkilatının 52 üzv ölkəsini əhatə edən Regional Ofisə Dövlət Gömrük Komitəsi tərəfindən həm maddi-texniki, həm də kadr təminatı ilə dəstək göstərilir.
Vurğulanıb ki, son illər Azərbaycan gömrük sistemində həyata keçirilən islahatlar, əldə olunan nəticələr bu ilin yanvarında ölkədə səfərdə olan Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya tərəfindən digər dövlətlərin gömrük administrasiyalarına tövsiyə olunub.
Daha sonra qonaqlara ÜGT-nin Avropa regionunda potensialın gücləndirilməsi istiqamətində üzv dövlətlərin gömrük administrasiyalarına daha səmərəli fəaliyyətin təşkil edilməsi və institusional inkişafın təmin olunması üçün Regional Ofisin həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib.
Seneqal Respublikası Baş Gömrük İdarəsinin gömrük əməliyyatları üzrə direktoru Mbaye Ndiaye görüşün yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. Qeyd edilib ki, gələcəkdə bu cür tədbirlərin təşkili mövcud əlqələrin daha da dərinləşməsinə, eləcə də təcrübə mübadiləsi istiqamətində səmərəli nəticələrin əldə olunmasına şərait yaradacaq.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.