Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sovet hakimiyyəti illərində Azərbaycanda fəaliyyət göstərən 1700 məsciddən 1683-ü məhv edilib

Sovet hakimiyyəti illərində Azərbaycanda fəaliyyət göstərən 1700 məsciddən 1683-ü məhv edilib


Sovet hakimiyyəti illərində Azərbaycanda fəaliyyət göstərən 1700 məsciddən 1683-ü məhv edilmişdi. Dağıldılmış məscidlərdən biri də XII əsrdə Şirvanşah II Fərruxun memar Mahmud ibn Sadın layihəsi əsasında tikdirdiyi Bibiheybət məscidi idi. 1936-cı ildə dağıldılan məscidin yerində Stalinin heykəli qoyulmuşdu. Onuncu Şeyxülislam Əliağa Süleymanzadənin imzası ilə məscidin bərpası üçün Mərkəzi Komitəyə müraciətlər olunsa da bu sahədə lazımi irəliləyiş olmamışdı.

Newscenter.az xəbər verir ki, Şeyxülislam Allahşükür Paşazadə dövlət orqanları tərəfindən ciddi xəbərdarlıqlar almasına baxmayaraq hələ sovet dövründən Bibiheybət məscidinin bərpası üçün daha ciddi cəhdlər göstərməyə başlamışdı. 1990-cı ildə yenidən hökumət orqanlarına xahişlə müraciət edən Şeyxülislam nəhayət tikinti üçün torpaq sahəsi ayrılmasına nail olur. 1995-ci ildə Stalinin abidəsinin qələbə tağı sökülərək yerində Xanım Həkimənin (ə), yeddinci İmam Museyi-Kazimin (ə) üç nəvəsinin və Hacı Heybətin qəbirləri aşkar edildi. Məscidin bərpası üçün dövlət büdcəsindən vəsait ayrıldı. 1997- ci il iyulun 23-də Bibiheybət məscidinin tikintisinə başlanır, cəmi bir il sonra isə bərpa və tikinti işləri başa çatdırılır.

1994-cü ildə bu məscid ziyarətgahın əvvəlki tarixi məkanda bərpa edilməsi barədə sərəncam verən Prezident Heydər Əliyev mütəmadi şəkildə buraya baş çəkərək, işlərin layihələndirilməsindən başlayaraq tikintinin gedişinədək bütün məsələləri xüsusi diqqətdə saxlayırdı: “1996-cı ildə təməlqoymada şəxsən iştirak edən Heydər Əliyev 1998-ci ilin 12 iyulunda məscidin ilk minarəsinin açılışında iştirak etdi. Həmin an onun sevincinin həddi-hüdudu yox idi desəm, yanılmaram. Prezident İlham Əliyevin iştirakı ilə 2008-ci ilin 14 iyulunda Bibiheybət məscid ziyarətgahının artıq tam kompleks olaraq açılışı oldu”.

Mərhum dövlət başçısı Bibiheybət məscidinin açılışında çıxışı zamanı QMİ və onun sədrinin fəaliyyətinə də toxunub: “Bizim doğma islam dinimizin Azərbaycanda öz yerini tapmasında, insanların öz dini etiqadlarını yerinə yetirməsində, dinimizin özünəməxsus yer tutmasında Qafqaz Müsəlmanları İdarəsi və bu idarənin başçısı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi xidmətləri var. Azərbaycanın Prezidenti kimi, mən bu fürsətdən istifadə edərək, insanlara vicdan azadlığının verilməsi sahəsində əldə etdiyi nailiyyətlərə, xalqın birliyinin, həmrəyliyinin möhkəmləndirilməsində, inkişaf etməsində göstərdiyi fəaliyyətə görə Qafqaz Müsəlmanları İdarəsinə və onun rəhbəri hörmətli Hacı Allahşükür Paşazadəyə hörmət və ehtiramımı bildirirəm…”
Xəbəri paylaş