Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: "2 ildir Cümhuriyyətin qurulmasını qələbə ruhu ilə qeyd edirik"

Könül Nurullayeva: "2 ildir Cümhuriyyətin qurulmasını qələbə ruhu ilə qeyd edirik"


Bu il Azərbaycan öz müstəqillik gününü qardaş Türkiyə ilə birlikdə qeyd edir. 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilmiş hərbi paradda, həmçinin 2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradında olduğu kimi, builki tədbirlərdə də Azərbaycan və Türkiyə liderlərinin birgə iştirakı dostluğun, qardaşlığın və müttəfiqliyin göstəricisidir. Bu gün Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir.

Newscenter.az xəbər verir ki, bunu "İki sahil"ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, 44 günlük Vətən mühribəsinin ilk günlərindən, hətta ilk saatlarından qardaş Türkiyənin dəstəyini gördük.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bu müharibədə Azərbaycan haqlıdır. Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır” söyləməsi, qardaş ölkənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər birimizi qürurlandırdı və bizi daha güclü etdi. Zəfər paradında olduğu kimi, Müstəqillik gününü də bərabər qeyd etmək bu birliyi bütün dünyaya göstərir.

Müstəqilliyin tarixinə gəlincə, 104 il əvvəl Müsəlman Şərqində ilk demokratik Respublikanı Azərbaycan xalqı yaratdı. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsində deyilirdi: “Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, “Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlət oldu.” Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi. Amma bu qısa dövr xalqımızın milli şüurunun, dövlətçilik ənənələrinin möhkəmlənməsi tarixi oldu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni layiqincə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, milli atributlar - bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, milli ordu formalaşdı. Müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara da seçmək və seçilmək hüququ verildi ki, bu da tarixi nailiyyət hesab olunurdu. Bu nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ demək idi. Bu isə Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğunun növbəti təsdiqi idi", - deyə deputat bildirib.

O qeyd edib ki, Cümhuriyyətin süqutundan sonra 70 il Sovet rejiminin basqıları da Azərbaycan xalqının azadlıq ideallarını boğa bilmədi.

"XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövləti quruldu. Milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətləri bu gün yüksək dəyərləndirilir, onların zəngin irsi öyrənilir və təbliğ olunur.

Müstəqil Azərbaycan Respublikası hüquqi varis kimi nəinki bütün dövlətçilik ənənələrini bərpa etdi, həm də dünyanın ən nüfuzlu söz sahiblərindən birinə çevrildi. Regionun lider ölkəsi omaqla bərabər, beynəlxalq miqyasda sözünə və imzasına böyük etimad göstərilən bir dövlətdir. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının ən etibarlı üzvü, Avropanın enerji təhlükəsizliyinin təminatçısı, bir-biri ilə ziddiyyətli münasibətdə olan böyük güclərin dialoq məkanı, irqindən, dinindən asılı olmayaraq bütün xalqların dinc və sülh şəraitində yaşadığı sabitlik adasıdır.

Biz son 2 ildir Cümhuriyyətin qurulmasını qələbə ruhu ilə qeyd edirik. 30 illik işğala son qoyan Azərbaycan Ordusu tarixi Zəfər qazandı. Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın Şuşada dalğalanması qürur verir. Prezident İlham Əliyevin üçrəngli bayrağımızı azad edilmiş bütün bölgələrdə qürurla qaldırması qələbəmizin təntənəsidir. Eyni zamanda, görkəmli Cümhuriyyət xadimi, Dövlət Himnimizin musiqisinin müəllifi Üzeyir Hacıbəylinin güllələnmiş büstünün Şuşaya qaytarılması Azərbaycan xalqının qürurunu özünə qaytardı. Görkəmli şəxsiyyətlərimizin dünyaya gəldiyi, fəaliyyət göstərdiyi, Azərbaycanın mədəniyyət beşiyi Şuşa bu gün regionun siyasi və mədəniyyət mərkəzlərindən birinə çevrilməkdədir.

Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bu müstəqilliyin təməlindədir. Biz müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşük. Ən əsası siyasi və iqtisadi cəhətdən tam müstəqil olmaqla öz həyatımızı bildiyimiz kimi qura bilmişik. Ona görə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, onu qoruyuruq və əbədi qoruyacağıq", - deyə K.Nurullayeva əlavə edib.
Xəbəri paylaş