Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici diplomatlara məcburi köçkünlərlə bağlı dövlət siyasəti barədə məlumat verilib

Xarici diplomatlara məcburi köçkünlərlə bağlı dövlət siyasəti barədə məlumat verilib


ADA Universiteti, onun nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu, və Xarici İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan “Xəzər Hövzəsi Araşdırmalar Proqramı” çərçivəsindəki sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Avropa, Asiya və Afrikanın 10 ölkəsini təmsil edən xarici diplomatlar üçün “Azərbaycanda məcburi köçkünlər probleminin həlli - uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə deyib.

Newscenter.az xəbər verir ki, Komitənin sədr müavini Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, deportasiya və işğalçılıq siyasəti haqqında məlumat verib. Bildirib ki, Azərbaycan ərazilərinin işğalı nəticəsində minlərlə soydaşımız uzun illər ağır şəraitdə qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat verilib və bildirilib ki, bu kateqoriyadan olan insanların problemlərinin həlli dövlətimizin başçısının sosial siyasətinin prioritetlərindəndir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva doğma yurdundan didərgin düşmüş insanlara xüsusi qayğı və diqqət göstərir.

Tədbir iştirakçılarına 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra yaranan yeni reallıqlar haqqında geniş məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb, işğaldan azad olunmuş ərazilərin bərpasını, dayanıqlı inkişafını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə könüllü, təhlükəsiz və ləyaqətli qayıdışını və reinteqrasiyasını təmin etmək Azərbaycan dövləti qarşısında duran əsas vəzifələrdəndir və bu, regionun sabitliyinə mühüm töhfədir. Böyük Qayıdış ölkəmizin iqtisadi inkişafına dair əsas strateji prioritetlərdən biri olaraq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görüldüyü, nəhəng infrastruktur layihələrinin icra edildiyi bildirilib, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük veriləcəyi qeyd olunub.

Eyni zamanda diqqətə çatdırılıb ki, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının böyük hissəsini, hətta hərbi təyinatı olmayan torpaqları da minalayıb. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını, xüsusilə insanların yaşamaq hüququnu kobud şəkildə pozur.

Vurğulanıb ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin minalardan sürətli, təhlükəsiz və effektiv təmizlənməsinə imkan verəcək zəruri təxirəsalınmaz tədbirləri görməyi tələb edib və bu məsələdə beynəlxalq ictimaiyyət Ermənistana qarşı təzyiqi artırmalıdır.

Daha sonra qeyd olunub ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkün problemlərinin həlli sahəsində olduğu kimi, postmünaqişə dövrünün reabilitasiyası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarında reinteqrasiyası üzrə də dünyaya yeni nümunəvi bir model təqdim edəcək.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Sevinc
Xəbəri paylaş