Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ali Məhkəmə ilə Dövlət İdarəçilik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

Ali Məhkəmə ilə Dövlət İdarəçilik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb


Ali Məhkəmə ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Newscenter.az xəbər verir ki, mərasimdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev Dövlət İdarəçilik Akademiyasının ölkəmizin nüfuzlu ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb, DİA-nın məzunlarının Ali Məhkəmə də daxil olmaqla müxtəlif dövlət və özəl qurumlarda aparıcı vəzifələr tutduqlarını bildirib. Sədr Ali Məhkəmə ilə DİA arasında imzalanan Anlaşma Memorandumunun əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli sənəd olduğunu qeyd edib.

Ali Məhkəmənin sədri bildirib ki, memorandumun imzalanması ilə Dövlət İdarəçilik Akademiyası və Ali Məhkəmə arasındakı mövcud əməkdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur. Memorandumda həm Ali Məhkəmə, həm də Dövlət İdarəçilik Akademiyası üçün faydalı olacaq bir sıra sahələrdə əməkdaşlığın və mühüm layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyən Ramiz Rzayev qarşılıqlı əməkdaşlığın böyük səmərə verəcəyinə ümid etdiyini söyləyib.

DİA-nın rektoru akademik Urxan Ələkbərov memorandumun imzalanması ilə bağlı mərasimin təşkilinə və göstərdiyi hərtərəfli dəstəyə görə Ali Məhkəmənin sədrinə təşəkkür edib.

Akademik qeyd edib ki, son 30 ildə Azərbaycan böyük inkişaf yolu keçib. Xüsusilə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik dövründə yaratdığı idarəetmə sistemi nəticəsində Azərbaycan inklüziv inkişafa nail olub. İndi hər kəs öz həyatında bunu hiss edir. Urxan Ələkbərov Azərbaycanın inkişaf tendensiyasını nüfuzlu beynəlxalq qurumların yaydığı statistik göstəricilərlə əsaslandırıb. İdarəetmənin innovasiyaya təsirini və inkişafın əsas amillərini diqqətə çatdırıb.

Azərbaycanda hüquq sahəsində nəzəri və təcrübi biliklərin artırılmasına yeni töhfə verəcək əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Ali Məhkəmənin sədri Ramiz Rzayev və Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov imzalayıblar.

R.Mehdiyeva
Xəbəri paylaş