Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Böyük Qayıdış prosesi artıq reallığa çevrilir

Böyük Qayıdış prosesi artıq reallığa çevrilir


Müstəqil Azərbaycan hər il daha da güclənir, sürətlə inkişaf edir. Müstəqillik Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri böyük və parlaq Zəfərin növbəti dəfə nümayişi oldu. Azad edilmiş digər rayonlara baş tutan səfərlər kimi bu səfər də onu göstərdi ki, dövlətimiz qısa zaman kəsiyində Qarabağda və Şərqi Zəngəzurda iri infrastruktur layihələrinin işə düşməsində, şəhər və kəndlərin bərpasında, kommunikasiya sistemlərinin yenidən qurulmasında və nəticədə Böyük Qayıdışın sürətlənməsində ciddi iradə nümayiş etdirir.

Azərbaycan dövlətinin 44 günlük müharibədən sonra qarşısına qoyduğu əsas məsələlər sırasında işğaldan azad edilmiş ərazilərimizin sürətli bərpası, həmin ərazilərə tarixi kimliyinin qaytarılması, ən əsası isə uzun illər doğma yurdlarından zorla didərgin salınmış insanların öz evlərinə qayıdaraq burada rifah içində yaşamasını təmin etmək dayanır. Ölkə başçımız cənab İlham Əliyevin əzmi və qətiyyəti, uzaqgörən siyasəti sayəsində işğaldan azad olunmuş ərazilərimiz qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirilir. Erməni faşistləri tərəfindən viran qoyulmuş şəhər və kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz bərpa olunur.

İşğaldan azad edilmiş şəhər və kəndlərimizin müasir texnologiyalar əsasında yenidən qurulması istiqamətində ilk pilot layihənin icrasına Zəngilan rayonunun Ağalı kəndində start verilmişdir. Müstəqillik Günü ərəfəsində, böyük rəmzi məna daşıyan Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılış mərasimində Prezident cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı, Ağalı kənd meydanı ilə tanışlığı, sakinlərlə görüşü Böyük Qayıdış prosesinin daha da sürətləndiyini təsdiq edir. Bir il əvvəl bərpa-quruculuq, inşaat işlərinə başlanan Ağalı kəndində 200 evdən ibarət gözəl bir “ağıllı kənd” salınıb. Bu kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərəcək. Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri sakinlərin ixtiyarına veriləcək.

İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Azərbaycan iqtisadiyyatı kəmiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Artıq işğaldan azad edilmiş ərazilərimizin ən müasir texnologiyaların tətbiqi ilə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası əsasında sürətlə bərpa prosesi gedir. Bu mühüm tədbirin reallaşdırılması üçün məqsədyönlü fəaliyyət strategiyası hazırlanıb və həmin strategiya uğurla həyata keçirilir.

Möhtərəm Prezidentimizin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti onu deməyə əsas verir ki, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək. İşğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı əbədi olaraq dalğalanacaq, Qarabağ təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək, mövqelərimiz gücləndiriləcək, bərpa-yenidənqurma işləri daha sürətlə aparılacaq və keçmiş məcburi köçkünlər tədricən öz yurdlarına qaytarılacaqlar. Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcəkdir.

Samir Ağayev
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş