Prezident İlham Əliyevin mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışı bir sıra mühüm mesajlarla yadda qaldı.
Bu açılış Azərbaycanın müstəqil siyasət apardığını və güclü iqtisadiyyata malik olduğunu bir daha bütün dünyaya göstərdi. Çünki qısa bir vaxtda belə bir layihənin icrası dövlətin gücünün göstəricisidir.
Təsadüfi deyil ki, dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır. Biz iqtisadi cəhətdən müstəqil ölkəyik və belə ölkələrin sayı o qədər də çox deyil. Azərbaycanın heç bir yardıma, kreditə ehtiyacı yoxdur.
Nəzərə alsaq ki, bu gün dünyada güc amili ön plandadır, bu baxımdan Azərbaycanın hərbi gücünün artması, müharibədən sonra yeni silahlı birləşmələrin yaradılması, yeni texnikaların alınması bir azərbaycanlı kimi hər birimizi qürurlandırır.
44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də onun yüksək mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmamışıq, şəhər və kəndləri yerlə-yeksan etməmişik.
Qeyd etmək lazımdır ki, bu gün postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir. Ermənistanla münaqişə həll olunub. Gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Hazırkı mərhələdə Ermənistanla sərhədlərimiz müəyyən olunmalıdır. Sərhədlərin müəyyən olunması avtomatik olaraq Ermənistanda revanşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına rəsmən son qoyulması deməkdir. Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə də Azərbaycanla Ermənistan arasında sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının keçirilməsinin çox böyük əhəmiyyəti var.
İnanırıq ki, tezliklə Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq. Bu sülh müqaviləsinin əsasını Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip təşkil etməlidir. Ərazi bütövlüyü tanınmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır. Bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır. Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib.
Azərbaycan xalqı 44 gün ərzində həm ərazi bütövlüyünü, həm ədaləti, həm də milli ləyaqətini bərpa etdi. Bundan dərhal sonra “Böyük qayıdış” prosesinə start verildi. Bərpa-quruculuq işləri üzrə birinci pilot layihə məhz Zəngilanın Ağalı kəndində icra edildi. Bir il ərzində burada 200 evdən ibarət “Ağıllı kənd” salındı və kəndin genişləndirilməsi, həmçinin əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Burada məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.
İşğaldan azad olunmuş ərazilərdə sürətli işlər gedir, dəmir yolları, avtomobil yolları çəkilir. Zəngilanda hava limanı da tikilir və bu il istifadəyə veriləcək. Burada artıq böyük aqropark salınıb və bu il ilk məhsul götürüləcək.
Gənclərimiz də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. Ona görə də insanların qayıdışı üçün şərait yaradılır.
Bu gün Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu şaddır. Onların əziz xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaq.
Jalə Əhmədova-Milli Məclisin deputatı