"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi Avstriyanın ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən İTF İnsan Təhlükəsizliyinin Artırılması təşkilatı vasitəsilə göstərdiyi maliyyə dəstəyi ilə “Ötən müharibənin mina qurbanları üçün iqtisadi imkanların yaradılması” adlı layihənin icrasını uğurla yekunlaşdırır.
Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən İctimai Birliyin sədri Hafiz Səfixanov deyib ki, layihənin məqsədi Azərbaycanın minalardan daha çox zərər çəkmiş rayonlarında mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləmək üçün alətlər təqdim etməklə kiçik biznesin yaradılması mexanizminə maddi vəsaiti təmin etməkdən ibarət idi.
Bu layihə yoxsulluğun azaldılması (ailə gəlirinin artırılması), gender bərabərliyi (qadınların kişilərlə bərabər bütün layihə fəaliyyətlərində iştirakını təmin etmək), uşaqların müdafiəsi və sağlamlığı (mina qurbanlarının ailələrində adətən 2-3 uşaq olur) kimi bir neçə əsas sektoru əhatə etmək potensialına malikdir; ailə gəlirinin artması onlar üçün səhiyyə, təhsil, qidalanma və s. kimi daha yaxşı imkanlara səbəb olacaq, özəl sektorun və kiçik biznesin inkişafı və icmalarda iş yerlərinin yaradılmasına gətirib çıxaracaqdır.
Layihə çərçivəsində keçirilmiş görüşlərdə mina qurbanları və onların ailə üzvləri belə layihələrin keçirilməsini yüksək qiymətləndirib, layihənin icrasına maliyyə yardımı ayırmış donora minnətdarlıq bildiriblər. Onlar kənd təsərrüfatının müxtəlif sahələri üzrə, o cümlədən də maldarlıq və qoyunçuluqla məşğul ola biləcəklərini, bu sahələrlə əlaqədar konkret layihələrinin olduğunu və bunun üçün ilkin maliyyə vəsaitinə ehtiyac olduğunu bildiriblər.
Qrant layihəsi Füzuli, Tər-tər və Tovuz rayonlarında həyata keçirilmişdir. Dörd nəfər mina qurbanına (Füzuli rayonundan iki nəfər, Tovuz və Tərtər rayonlarının hər birindən bir nəfər) onların özlərinin istədikləri kiçik bizneslə məşğul olmaq üçün lazım olan bütün mal və avadanlıqlar alınıb təhvil verilmişdir. Layihənin benefisiarlarının hamısı müharibədən sonra mina partlayışlarına məruz qalmış mülki şəxslərdir. Bir neçə monitorinq aparılmış və məlum olmuşdur ki, benefisiarlar öz bizneslərinə bağlıdırlar və gələcəkdə böyük nəticələr əldə edə bilərlər.
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi Azərbaycandakı mina qurbanlarının sayını (elə bir rayon yoxdur ki, orada mina qurbanı olmasın) nəzərə alaraq inanır ki, digər donor təşkilatlar da bu tip layihələrin maliyyə dəstəyi verəcək və bununla da digər rayonlardan olan mina qurbanlarına və digər müharibə əlillərinə iqtisadi imkanların yaradılması həyata keçiriləcəkdir.
Mehman