Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 27 may 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər.
Müstəqillik Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri böyük və parlaq Zəfərin növbəti dəfə nümayişi oldu. Azad edilmiş digər rayonlara baş tutan səfərlər kimi bu səfər də onu göstərdi ki, dövlətimiz qısa zaman kəsiyində Qarabağda və Şərqi Zəngəzurda iri infrastruktur layihələrinin işə düşməsində, şəhər və kəndlərin bərpasında, kommunikasiya sistemlərinin yenidən qurulmasında və nəticədə Böyük Qayıdışın sürətlənməsində ciddi iradə nümayiş etdirir.
Azad edilmiş torpaqlarda "ağıllı şəhər”, “ağıllı kənd” kimi smart layihələrin tətbiq edilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətini göstərir. Müharibədən yenicə çıxmış ölkədə ən müasir texnologiyaların tətbiq olunduğu “ağıllı şəhər”, “ağıllı kənd” kimi smart layihələrin işə düşməsi indiki şəraitdə Azərbaycan dövlətinin iqtisadi qüdrətindən xəbər verməklə yanaşı, digər işğaldan azad edilmiş rayonlara da əhəmiyyətli təsir göstərəcək.
İşğaldan azad edilmiş şəhər və kəndlərimizin müasir texnologiyalar əsasında yenidən qurulması istiqamətində ilk pilot layihənin icrasına Zəngilan rayonunun Ağalı kəndində start verilmişdir. Bir il bundan əvvəl inşaat işləri başlanılan Ağalıda hazırda 200 evdən ibarət gözəl kənd salınıb. Ağalı kəndində məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Eyni zamanda, kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin Zəngilan rayonunun Ağalı kəndində pilot layihə olan “Ağıllı kənd-Ağalı kənd” layihəsinin ilkin mərhələsinin açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə səsləndirdiyi fikirlər və verdiyi ismarıclar böyük tarixi hadisə kimi dəyərləndirilməlidir.
Cənab Prezidentin də ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş rayonlara artıq ənənə halını almış səfərləri qələbənin rəsmiləşdirilməsi deməkdir. İşğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı əbədi olaraq dalğalanacaq, Qarabağ təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək, mövqelərimiz gücləndiriləcək, bərpa-yenidənqurma işləri daha sürətlə aparılacaq və keçmiş məcburi köçkünlər tədricən öz yurdlarına qaytarılacaqlar. Erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı yüksək səviyyədə təmin ediləcəkdir. Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcəkdir.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi Məmmədova Nəzrin