"İran və Azərbaycan xalqlarının ortaq dini və tarixi, eləcə də xalqlarımız arasında mövcud olan qırılmaz tellər hazırkı yeni dövrdə iki ölkə arasındakı münasibətlər üçün dərin dayaq və möhkəm əsaslar yaratmışdır. Xalqlarımız arasındakı həmin tellərə söykənərək, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən bəri İran İslam Respublikası hər zaman qarşılıqlı mənafeyimiz çərçivəsində ikitərəfli münasibətlərimizin bütün sahələrdə genişləndirilməsinə səy göstərmişdir".
Newscenter.az xəbər verir ki, bu fikir İran İslam Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
"Sevindirici haldır ki, Azərbaycan Respublikasının ərazilərinin işğalına son qoyulduqdan sonra iki ölkənin əməkdaşlıq imkanları və sahələri daha da genişlənmişdir. Ümidvaram ki, iki ölkə xalqlarının qarşılıqlı mənafeyinə və istəyinə uyğun olaraq, hər iki tərəfin səyləri nəticəsində həmin imkanlardan istifadə ediləcək.
Sonda İran İslam Respublikasının xarici siyasətində Azərbaycan Respublikasının önəmli yer tutduğunu vurğulayaraq, qardaş Azərbaycan Respublikası ilə qonşuluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində səy göstərdiyimi bildirirəm", - məktubda qeyd olunub.