“Məlum olduğu kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Müstəqillik Günü ərəfəsində Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdilər. Bu, heç şübhəsiz ki, cənnətə çevrilən Qarabağa və Şərqi Zəngəzura qayıdışı simvolizə edən hadisə oldu. Xüsusi olaraq vurğulanmalıdır ki, Qarabağa qayıdışın məhz Müstəqillik Günündən başlaması da tarixi hadisə və mühüm siyasi mesajdır”.
Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Zəngilan rayonunun erməni vandallarının dağıdıcılıq və ekoloji terror əməllərinə məruz qalması, bütün kəndlərin yerlə-yeksan edilməsi, tarixi-dini abidələrin məhv olunması heç kəsə sirr deyil:
“Lakin bu gün işğaldan azad olunmuş digər ərazilər kimi Zəngilanda da abadlıq-quruculuq işləri həyata keçirilir. Birinci pilot layihə olaraq Zəngilanda, Ağalı kəndində icra edildi və bir il öncə başlanmış inşaat işləri nəticəsində indi 200 evdən ibarət gözəl kənd salınıb. Bu “Ağıllı kənd”in genişləndirilməsi və əlavə 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Həmçinin Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri də artıq “Ağıllı kənd”də mövcuddur. Eyni zamanda, Zəngilan rayonunda tarixi-dini abidələrin bərpası işləri başlanıb, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi də əsaslı şəkildə təmir olunur. Həmçinin Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat və dəmir yolu infrastrukturu, bu il istismara veriləcək Zəngilan Beynəlxalq Hava Limanı da var”.
“Hazırda bərpa işləri aparılan işğaldan azad olunmuş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livana ərazisinə bərabərdir” – deyən Ramil Vəlibəyov əlavə edib ki, işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi və tezliklə insanların doğma torpaqlarına qayıtması üçün reallaşdırılmaqdadır:
“Həyata keçirilən işlər və perspektiv planlar işğaldan azad olunmuş ərazilərə qayıdacaq insanların təhlükəsizliyinə və firavan yaşayışına xidmət edir. İlk nümunə də elə Zəngilan rayonu, Ağalı kəndidir. Ümumilikdə Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər”.
Ruhiyyə