Rusiya Ukraynada yeni şəhər və qəsəbələri işğal etməyə çalışır. Döyüşlərin yay aylarında şiddətlənəcəyini proqnozlaşdırmaq olar. Rusiya Ukraynanın strateji Mariupol şəhərini işğal etdikdən sonra əsas qüvvələrini Severodonetsk şəhəri ətrafında cəmləşdirib. Döyüşlər şəhərin içərisində davam edir. Rusiya ordusunun məqsədi şəhəri mühasirəyə alaraq Maripolda olduğu kimi Ukrayna hərbçilərini əsir götürməkdir.
Böyük Britaniyanın “Daily Express” dərgisinin analitik məqaləsinə görə Pekin Rusiya-Ukrayna müharibəsini diqqətlə izləyərək, mövcud vəziyyətə uyğun qərarlar verəcək. Məsələn dərgidəki məqaləyə görə Rusiya ordusu Ukraynada işğal ərazisini genişləndirərsə Çinin Tayvan adasını ələ keçirmək istəyi artacaq. İndinin özündə Çin Tayvan adası ətrafında hərbi təlimlər keçiririr, hərbi təyyarələri ada üzərində təhlükəli uçuşlar həyata keçirirlər: “Çin Kommunist Partiyası Çindən 160 kilometr məsafədə yerləşən demokratik Tayvana nəzarət etmək planlarından imtina etməyib. Çindəki təbliğat Rusiyanın Ukraynada uğurları haqqında məqalə və reportajlar yayımlayır. Bu təbliğat Tayvana qarşı hərbi əməliyyat təhlükəsini artırır”.
ABŞ Ukrayna ilə yanaşı Tayvanın gələcək taleyini də düşünmək məcburiyyətindədir. ABŞ prezidenti Co Bayden ötən həftə verdiyi açıqlamada, Çinin Tayvana hücum edəcəyi halda Amerikanın ada ölkəsini müdafiə edəcəyini bildirib. Yəni Amerika Tayvana görə Çinlə müharibə etməyə hazırdır. Vaşinqtonun bu mesajı Pekini Tayvanla planlarından çəkindirəcəkmi? Bu sualına cavabı Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq. Rusiya Ukraynada məğlub olarsa Çin Tayvanla bağlı planlarını reallaşdırmaqdan çəkinəcək. Əgər Rusiya Ukraynada uğur qazanarsa Tayvan üçün də ciddi təhlükə yaranacaq.
Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri