Almaniya və Yunanıstan “dairəvi mübadilə” çərçivəsində rəsmi Afina tərəfindən Ukraynaya sovet tanklarının tədarükü barədə razılığa gəlib.
Newscenter.az-ın məlumatına görə, “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Avropa İttifaqının növbədənkənar sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Bizim etdiyimiz şey Ukraynanı müdafiə mübarizəsində dəstəkləməkdir. Biz bunu edirdik və bundan sonra da edəcəyik. Buraya həmçinin, məsələn, Varşava Müqaviləsi dönəmindən ehtiyatlarında tanklar olan ölkələri dəstəkləməyimiz də daxildir. Biz artıq bir sıra belə xüsusi müqavilələr hazırlaya bilmişik. Məsələn, Yunanıstanı Almaniya istehsalı olan zirehli nəqliyyat vasitələri ilə təmin edəcəyik”, - O.Şolts deyib.
Onun sözlərinə görə, iki ölkənin müdafiə nazirlikləri belə razılaşmanın konkret üsulları üzərində işləyirlər. Kansler, eyni zamanda Polşa tərəfi ilə də analoji sazişi müzakirə etdiyini qeyd edib.