Əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gələndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Ulu Öndərin təməlini qoyduğu uğurlu daxili və xarici siyasət bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir.
Bu gün əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü və müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi.
2020-ci il sentyabrın 27-də növbəti erməni təxribatına cavab olaraq başlanan əks-hücum əməliyyatı möhtəşəm Zəfərlə başa çatdı. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan ordusu İkinci Qarabağ müharibəsində öz şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı.
44 gün ərzində qazandığımız Zəfər Azərbaycan xalqının əzminin, iradəsinin, Müzəffər ordusunun və xalqın Ali Baş Komandanına inamının bariz nümunəsidir.
Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.
Prezident cənab İlham Əliyevin bir il əvvəl səsləndirdiyi "Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik" sözləri, bu gün işğaldan azad olmuş Zəngilan şəhərində görülən işlərlə gerçəyə çevrilmişdir. Belə ki, bir neçə gün əvvəl Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib, Zəngilan sakinləri ilə görüşüblər. Görüş zamanı ölkə başçısı bildirmişdir ki, düşmənimiz tərəfindən dağıdılan və yerlə bir edilən evlərin yerində müasir yaşayış evləri və ictimai obyektlər tikilmiş və kənd sakinlərinin tezliklə doğma yurdlarına köçə bilməsi üçün zəruri infrastruktur tamamilə yenidən qurulub və hazır vəziyyətə gətirilməsi haqqında söhbətlər aparmışdır.
"Böyük qayıdış" prosesinə start verildikdən sonra birinci pilot layihə məhz Zəngilanın Ağalı kəndində icra edildi. Bir il bundan əvvəl inşaat işləri başlamış kənddə hazırda 200 evdən ibarət “Ağıllı kənd” salınıb, digər bütün infrastruktur qurulur.
Ölkə başçısı çıxışında belə maliyyə tutumlu böyük layihələrin icra edilməsinin məhz Azərbaycan dövlətinin öz vəsaiti hesabına həyata keçirildiyini qürurla vurğuladı. Əlbəttə, bu cür layihələri güclü iqtisadiyyata malik olan ölkələr həyata keçirə bilər. Azərbaycanın güclü iqtisadiyyata malik olması isə göz qabağındadır.
Artıq azad olunmuş ərazilərimizdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək, böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Ancaq hər kəs bilməlidir ki, görülən işlər asan başa gəlmir. Bu gün fəxrlə deyə bilərik ki, Müzəffər Azərbaycan Ordusu tərəfindən 30 illik erməni işğalından azad olunan şəhər və kəndlərimizə yeni həyat qayıdır və bu yerlərin əsl sakinləri doğma yurdlarına geri dönərək firavan yaşayacaq, qurub- yaradacaqlar.
Prezident İlham Əliyev görüləcək gələcək işlər barədə də fikirlərini bildirdi. Bütövlükdə, regionda yeni reallıqlar yaradan dövlətimizin bölgənin gələcəyi ilə bağlı hədəfləri böyükdür. Bu hədəflərə çatmaq üçün Azərbaycan bütün imkanlarını səfərbər edir. Sülhün və təhlükəsizliyin qarantı olan dövlətimiz işğaldan azad edilmiş Qarabağın, Şərqi Zəngəzurun bərpası və insanların öz doğma yurdlarına qayıtması üçün qarşısında qoyduğu hədəflərə qısa müddətdə nail olacaq. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı da bunu təsdiqləyir. Zəngilanda aparılan quruculuq işlərinin timsalında hər bir Azərbaycan vətəndaşı dövlətimizin hədəf və məqsədlərini görə bilər.
Müstəqillik ən böyük sərvətimizdir. Bu gün Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır. Bunu artıq bütün dünya görür və bilir. Müstəqil olmasaydıq erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən xarici amillər olub.
Beynəlxalq arenada qazanılmış uğurlarımız bu gün regionda görüləcək işlərdə xarici ölkələrin Azərbaycanla hesablaşmasını mütləq edir. Cənab Prezidentin çıxışı zamanı da vurğulamışdır ki, "Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd aparır. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur."
Əlbəttə ki, bu gün hər bir vətəndaşımız müstəqil, güclü dövlətdə yaşadığını hiss edir, müzəffər, qətiyyətli Lideri ilə fəxr edir. Çünki son illərdə qazandığımız böyük uğurların təməlində məhz Ali Baş Komandan, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti dayanır.
Həbib Misirov
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri