Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) yeni avtobus marşrutları ilə bağlı müsabiqə elan edib.
Newscenter.az xəbər verir ki, qurum Bakı – Masallı, Bakı – Lənkəran, Bakı – Astara, Bakı – Sabirabad, Bakı – Horadiz müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarıb.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
İddiaçılar sənədlərini iyunun 24-ü saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə iyulun 8-i saat 17:00-a qədər DANX-a təqdim etməlidirlər. Təkliflərə iyulun 14-də baxılacaq.
Xatırladaq ki, bu il martın 31-də elan edilmiş müsabiqədə Bakı – Sabirabad – Bakı marşrutu üzrə 2 fiziki şəxs – Ağaşirin Tapdıq oğlu Qasımov və Ramin Xələf oğlu Baxşıyev, Bakı – Horadiz – Bakı marşrutu üzrə 1 fiziki şəxs – Əjdər Həsənqulu oğlu Quliyev müraciət edib. A.Qasımov komissiya üzvlərindən ən çox bal toplayaraq qalib elan olunub. Bir avtonəqliyyat vasitəsi olduğu üçün onunla bir reys üzrə daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün qanunamüvafiq qaydada 3 ilə qədər müddətə müqavilə imzalanıb.
Bakı – Horadiz – Bakı marşrutu üzrə isə 1 fiziki şəxs - Əjdər Həsənqulu oğlu Quliyev müraciət edib və Nazirlər Kabinetinin yuxarıda qeyd olunmş Qaydasına əsasən qalib elan edilib. Onunla hər iki reys üzrə daşıyıcı qismində sərnişindaşıma fəaliyyəti göstərməsi üçün qanunamüvafiq qaydada 3 ilə qədər müddətə müqavilə imzalanıb.