Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Bakı Enerji Həftəsi” çərçivəsində İtaliya və Qazaxıstanla enerji əməkdaşlığının inkişafı müzakirə edilib

“Bakı Enerji Həftəsi” çərçivəsində İtaliya və Qazaxıstanla enerji əməkdaşlığının inkişafı müzakirə edilib


“Bakı Enerji Həftəsi” çərçivəsində energetika naziri Pərviz Şahbazovun İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vannia Qava və Qazaxıstanın energetika naziri Bolat Akçulakov ilə görüşləri olub.

Newscenter.az-a nazirlikdən bildirilib ki, nazir müavini Vannia Qava ilə görüşdə Azərbaycan və İtaliya arasında enerji əməkdaşlığının inkişafı müzakirə edilib. İtaliyanın enerji təminatının və Avropa qaz bazarında mövqeyinin möhkəmləndirilməsində Trans-Adriatik Boru Kəmərinin (TAP) əhəmiyyətindən bəhs edilib.

Energetika naziri Pərviz Şahbazov Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan İtaliya ilə enerji əməkdaşlığında TAP vasitəsilə təbii qaz tədarükünün mühüm rol oynadığını bildirib. Nazir ilin sonuna İtaliyaya qısa və uzunmüddətli müqavilələr üzrə qaz ixracının 9,5 milyard kubmetr proqnozlaşdırıldığını, TAP-ın ötürücülük gücünün artırılması hesabına isə təkcə İtaliya deyil, Avropanın digər ölkələrinin də daha çox təbii qazla təchizatının mümkün ola biləcəyini qeyd edib.

Görüş zamanı bərpa olunan enerji sahəsində İtaliya şirkətləri ilə əməkdaşlıq, həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə dəstəklə bağlı da fikir mübadiləsi aparılıb.

Qazaxıstanın energetika naziri Bolat Akçulakov ilə görüşdə isə ölkələrimiz arasında energetika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri və enerji bazarlarında vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Qazaxıstan enerji resurslarının dünya bazarına nəqli ilə bağlı imkanlar dəyərləndirilib. Söhbət zamanı Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti ilə yanaşı mayeləşdirilmiş təbii qazının Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması üzrə İşçi qrupları səviyyəsində görülən tədbirlər də müzakirə edilib.

Sevinc
Xəbəri paylaş