28 may – Azərbaycan Respublikasının Müstəqillik Günündə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalının keçirilməsi müasir texnologiyaların inkişafına dəstək olmaqla yanaşı, həm də bütün dünyaya verilən siyasi mesaj idi. Çünki tarixin çətin dönəmlərində həmişə bir yerdə olmuş Azərbaycan və Türkiyə tarixi Şuşa Bəyannaməsini imzaladıqdan sonra rəsmən müttəfiqlik zirvəsinə ucaldılar. Bu müttəfiqlik özünü siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində, bir sözlə, hər yerdə göstərir. Bu gün Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu tədbirdə iştirakı isə xüsusi əhəmiyyət kəsb edirdi. Bununla yanaşı, dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncərin və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Tədbirdə çıxış edən Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin əhəmiyyəti, Türkiyə-Azərbaycan qardaşlığı, Qarabağ Zəfəri barədə önəmli fikirlər söylədi. Əziz Səncər kimi, Selçuk Bayraktar kimi insanları gənclərimizə nümunə göstərən Prezident İlham Əliyev bizim gənclərimizin də onlar kimi olmağa çalışacaqlarına əminliyini bildirdi.
Tədbirdə qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı da önəmli mesajlarla yadda qaldı. Bildirildi ki, hədəfimiz bölgədə etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətləndirilməsi ilə sabitliyin və davamlı sülhün möhkəmləndirilməsidir.
Jalə Əhmədova-Milli Məclisin deputatı