Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: “Cənub Qaz Dəhlizinin genişləndirilməsi ölkəmizin iqtisadi inkişafına mühüm töhfə olacaq”

Jalə Əhmədova: “Cənub Qaz Dəhlizinin genişləndirilməsi ölkəmizin iqtisadi inkişafına mühüm töhfə olacaq”


Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında ölkəmizin enerji siyasətinin mühüm məqamlarına toxundu.

Cənab Prezident bildirdi ki, hazırda Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, biz bunu nəzərə almalıyıq. Lakin, eyni zamanda, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır.
Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair fikirlərini bölüşən dövlətimizin başçısı diqqətə çatdırdı ki, “Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarlarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik. Bu məsələləri biz gələn illərdə planlaşdırmırdıq, çünki Cənub Qaz Dəhlizi, artıq söylədiyim kimi, üç boru kəmərindən ibarət vahid boru kəmərləri sistemidir. Onun sonuncu hissəsi – Transadriatik boru kəmərinin buraxıcılıq qabiliyyəti 10 milyard kubmetrdir. İndi isə biz onun genişləndirilməsi haqqında düşünürük, çünki buna ehtiyac var”.

Prezident İlham Əliyev bunun vaxt və çoxlu maliyyə vəsaitləri, o cümlədən sıx əlaqələndirmə, əməkdaşlıq və bütün iştirakçı ölkələrlə fəal dialoq tələb etdiyini vurğulayaraq bildirdi ki, Azərbaycan buna hazırdır.

Bütün bunlar onu göstərir ki, dünyada Azərbaycan qazına tələbat durmadan artır və bu da ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun daha da böyüməsi deməkdir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənub Qaz Dəhlizini genişləndirərək yaxın gələcəkdə qaz ixracını daha da artıracaq və etibarlı enerji təchizatçısı kimi daha çox ölkəni mavi yanacaqla təmin edəcəkdir.

Jalə Əhmədova-Milli Məclisin deputatı
Xəbəri paylaş