Prezident İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə tanışlıq səfərlərinin təşkili Azərbaycanın postmünaqişə dövründə mövqelərinin möhkımlınməsi baxımından əhəmiyyətlidir.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, bu səfərlər Vətən müharibəsindən dərhal sonra Prezidentin müvafiq tapşırığı əsasında təşkil edilir və burada məqsəd Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərlə diplomatların yerində tanış olmasına şərait yaratmaq və bu barədə ölkələrinə məlumat verməsidir:
"Artıq 9-cu səfər baş tutdu və 50-dən çox ölkə, 10-a qədər beynəlxalq təşkilatdan 80 nəfərdən çox diplomat və hərbi nümayəndə Kəlbəcərdə oldu. Bu səfərlər həm işğalın izlərini, həm də hazırki vəziyyəti, bərpa-quruculuq işlərinin miqyasını diqqətə çatdırmaq baxımından olduqca vacibdir. Məlumdur ki, bundan əvvəl də belə bir missiya Ağdama, Şuşaya, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçına da səfərlər edib. Kəlbəcər həm də kütləvi məzarlıqların çox olduğu yerdir. Bu dəfə diplomat və hərbi attaşelər Tunel qırğını ilə tanış oldular. Ermənilərin işğal zamanı Kəlbəcəri tərk etmək istəyən sakinlərə qarşı Kəlbəcər-Laçın tunelində törətdiyi qətliam barədə diplomatların məlumatlanması ermənilərin cinayət izlərini dünyaya təqdim etmək baxımından əhəmiyyətlidir".
Deputat diqqətə çatdırıb ki, ötən dəfəki səfərlərdə hətta səfirlərlə yanaşı Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri iştirak edirdi:
"Bu nümayəndələr Qarabağda işğal dövründə talan, ekoloji və mədəni terror, urbisid faktları ilə yerində tanış oldular. Azərbaycan öz tarixi torpaqlarında qısa vaxtda genişmiqyaslı quruculuq və bərpa işləri aparmaqla öz gücünü və böyük potensialını aydın nümayiş etdirir".
Könül Nurullayeva hesab edir ki, əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edərkən islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürlərini öz gözləri ilə görürlər:
"Dövlət başçımızın da söylədiyi kimi, bizim şəhərlərimiz Birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi".
Könül Nurullayeva deyib ki. münaqişənin həlli üzrə kontakt qrupun üzvləri də ötən il işğaldan azad edilmiş ərazilərə səfər etdilər və bunu öz gözləri ilə gördülər:
"Hətta açıq bəyanatlar da verdilər. Təbii ki, UNESCO-nun da bu bölgələrə səfər etməsini gözləyirik. Çünki faktaraşdırıcı missiyalar təşkil etmək bilavasitə UNESCO-nun işi və vəzifəsidir. Amma çox təəssüflər olsun ki, UNESCO-nu daha çox narahat edən yalnız kilsələrin vəziyyəti idi. “Onlar bizi az qala vandalizmdə təqsirləndirməyə çalışırdılar, düşünürdülər ki, indi biz kilsələri dağıdacağıq. Biz ermənilərin buraya gəlməsi marşrutunu onlarla razılaşdırdıq. Onlar da, onlarla əlaqədə olan bəzi ölkələr də çox təkidlə buraya gəlmək istəyirdilər. Biz işğaldan azad edilmiş ərazilərə xarici diplomatların və əcnəbi jurnalistlərin səfərlərini təşkil edəndə, onlar bu kilsələrin və bu qəbirlərin yerində olduğunu görəndə UNESCO-nun gəlməsi mövzusu gündəlikdən çıxarıldı”, -deyə dövlət başçımız yerli media nümayəndələrinə müsahibəsi zamanı real vəziyyətlı bağlı məlumat vermişdi. Yəni, görünən budur ki, UNESCO-nun faktaraşdırıcı missiyası bura gələndə dağıdılmış məscidləri, dağıdılmış qəbiristanlıqları, tarixi abidələri, dağıdılmış şəhərləri görəcəklərini bildiyi üçün, bunu kimin etdiyini deməyə məcbur olacaqları üçün bu səfərlərdən yayınırlar. Bununla belə, bu həqiqətlərin dünyaya çatdırılmasına heç kim mane ola bilməz".
Ruhiyyə