Misirin Əl-Nil Nyuz elektron xəbər portalında “Azərbaycan.. Tolerantlıq simvolu işğaldan azad edilmiş Qarabağ torpaqlarında müqəddəsliyi ləkələnən məscidlərə parlaqlıq qaytarır” başlıqlı məqalə dərc olunub.
Newscenter.az xəbər verir ki, məqalədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəhruz Orucov tolerantlıq sahəsində böyük təcrübəyə sahib olan Azərbaycanın Şərq ilə Qərbin kəsişdiyi coğrafiyada müxtəlif sahələrdə əhəmiyyətli rola malik olması, multikulturalizmin xalqımızın tarixboyu formalaşan milli keyfiyyəti, bütün dövrlərdə cəmiyyətin yaşam tərzi, xalqımızın sosial tələbi olması barədə geniş məlumat verib. Vurğulanıb ki, Azərbaycan multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, o cümlədən İslam dəyərlərinin dünyada təbliğinə və inkişafına böyük töhfələr verir. Tarixən Azərbaycanda etnik və dini icmalar arasında möhkəm dözümlülük və dostluq əlaqələri mövcud olub. Milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməyib. Məscidlərdə məzhəbindən asılı olmayaraq, ölkə müsəlmanlarının bir araya gələrək eyni vaxtda, birgə ibadət etməsi tolerantlığımızın bariz nümunələrindəndir.
Yazıda 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının 1918-1920-ci illərdə dünyəvilik prinsipini qəbul edərək, bütün etnik və dini azlıqlara azadlıq vermiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi dünyəvi dövlətçilik ənənəsi üzərində bərqərar olmasından söz açılıb. Bildirilib ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Eyni zamanda statistik rəqəmlər göstərilməklə Ermənistanın 30 ilə yaxın müddət ərzində vaxtilə işğal altında saxladığı Azərbaycan ərazilərində törətdiyi saysız vandalizm aktları, abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqların dağıdılmasına, təhqir edilməsinə diqqət çəkilib.
B.Orucov məlumatında bildirib ki, 44 günlük Vətən Müharibəsində şanlı Azərbaycan Ordusunun 30 il düşmən tapdağı altında qalmış əraziləri azad etməsi ilə həmin torpaqlarda aparılan bərpa-quruculuq işlərinə, dini abidələrimizin bərpasının icrasına start verilib. Tarixi, mədəni-dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti ilə tanınan Heydər Əliyev Fondu Qarabağ torpağında dini abidələrimizin, ibadət evlərinin bərpasını uğurla həyata keçirir.
Həmçinin məqalədə Ermənistan tərəfindən dağıntıya məruz qoyulmuş bir sıra dini məbədlərlə yanaşı azad edilmiş yerlərdə yenidən qurulan ibadət yerlərinin də foto şəkilləri oxucuların diqqətinə təqdim edilib.
Mehman