Dostluq, qardaşlıq, səmimi münasibətlər üzərində qurulan və müttəfiqlik səviyyəsinə qədər yüksələn Azərbaycan-Türkiyə əlaqələri hər bir sahə üzrə daima dinamik şəkildə inkşaf etməkdədir. Bu gün Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri, dostluq əlaqələri ölkə başçısı Cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında ən yüksək zirvəyə çatmış və “Şuşa Bəyannaməsi” - ndə ifadə olunmuşdur.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, “Şuşa Bəyannaməsi”-nin müddəalarında Azərbaycan və Türkiyə Respublikalarının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri rəhbər tutularaq, müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmləri müəyyən edilmiş, xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyi əks olunmuşdur. Bütün bu müddəalar və ümumilikdə “Şuşa Bəyannaməsi”-nin imzalanması birliyimizin dünyaya nümayişi olmaqla yanaşı, qardaşlığımızın rəmzinə çevrilmişdir:
“Tarixin hər bir dönəmində, yaxşı və çətin günlərdə bir-birinin yanında olan Azərbaycan -Türkiyə dövlətləri, hər zaman bir-birinə təmannasız dəstək olmuşdur. 1920-ci ildə Türkiyə dövlətinin Azərbaycan hökumətinə maddi dəstəklə bağlı məktub göndərməsindən sonra Azərbaycan hökuməti Türkiyə dövlətinə maddi dəstək göstərir. Bu dəstəyin qaytarılması üçün Mustafa Kamal Paşanın “borcu nə zaman ya da necə qaytararıq” fikrinə, Nəriman Nərimanov “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdın tutacaq və tutmağa davam edəcəyik” deyə cavab verir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan -Türkiyə qardaşlığı təmannasız köklərə bağlıdır”.
Hələ 104 il əvvəl-1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhərin işğaldan azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünü təmin edilməsində böyük rol oynamışdır. Müstəqilliyimiz cəmi 23 ay davam etsə də, heç bir çətinliyə baxmayaraq Azərbaycan xalqı türk sevgisini hər zaman öz qəlbində yaşatdı və bu sevgi 90-cı illərin əvvəlində yenidən bənövşə tək çiçək açdı – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Türkiyə xalqı çox məşəqqətlər görsə də, buna baxmayaraq hər zaman öz sözünü demiş və dünyanın lider dövlətlərindən birinə çevrilmişdir. Dünya miqyasında öz sülhsevər təşəbbüsləri ilə seçilən Azərbaycan-Türkiyə dövlətləri heç zaman, heç bir ölkənin torpağına göz dikməmişdir:
“İkinci Qarabağ müharibəsində Azərbaycan 21-ci əsrin müharibəsini apararaq öz torpaqlarını işğaldan azad etdi və bununla da haqq-ədaləti bərpa etdi. Dünyada gedən müharibələr nəticəsində yüzlərlə uşaqların və mülki vətəndaşların ölümünün şahidi oluruq. Lakin bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın apardığı Vətən müharibəsi zamanı bir nəfər mülki erməni vətəndaşının burnu belə qanamamışdır. Əlbətdə bütün bunlar Azərbaycanın humanistliyinin, demokratikliyin və beynəlxalq prinsiplərə, hüquqa riayət etməsinin göstəricisidir. Azərbaycan Türkiyə birliyini, qardaşlığını göz bəbəyimiz kimi qorumalı, gələcək nəsillərə ötürməliyik. Bunu bizdən şəhidlərimizin ruhu istəyir”.
Ruhiyyə