Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak ediblər.
44 günlük Qarabağ müharibəsinin ilk günündən son gününədək Türkiyə Azərbaycanın yanında oldu, haqq səsimizə dəstək verdi. İstər Rəcəb Tayyib Ərdoğanın qətiyyətli çıxışları, istərsə də Türkiyənin digər rəsmi şəxslərinin Vətən müharibəsi zamanı etdiyi çıxışlar bizə əlavə ruh və güc verdi. Türkiyə tək müharibə ərzində deyil, müharibədən sonra da, sülh dönəmində də Azərbaycanın mövqeyini dəstəklədi və tariximizin ən önəmli anında - Zəfər Paradında bizlə bir yerdə oldu.
Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir
“TEKNOFEST”in Azərbaycanda keçirilməsi, Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncərin və “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın Azərbaycana gəlməsi, cənab Prezident İlham Əliyev tərəfindən bu vətənpərvər şəxslərin gənclərə örnək kimi göstərilməsi əlamətdar və tarixi hadisə idi. Bu mötəbər tədbirdə ölkələrimizin qazandığı uğurlardan danışıldı, texniki nailiyyətlər nümayiş etdirildi. Vurğulandı ki, Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir.
Prezident Rəcəb Tayyib Ərdoğanın bu möhtəşəm tədbirdə səsləndirdiyi fikirlər isə zülmün və haqsızlığın yanında olanlara, Ermənistana havadarlıq edənlərə ciddi xəbərdarlıq mahiyyəti daşıyır: “Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Əziz Qardaşım, Müzəffər Ali Baş Komandan cənab Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağ otuz il sonra əsarətdən qurtulmuşdur... Müharibədə olduğu kimi, sülh dönəmində də Azərbaycanın yanındayıq”.
Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik.
Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir.
Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru - Mətanət Qəribova