May ayının 26-29 tarixlərində Bakı şəhərində keçirilən “TEXNOFEST - Azərbaycan ” Aerokosmik və texnologiya festivalı Azərbaycan - Türkiyə qardaşlığının, birliyinin dünyaya növbəti nümayişinin bariz nümunəsi idi. Festival tədbirləri çərçivəsində Türkiyə və Azərbaycan hərbi təyyarələri ölkəmizin səmasında uçuşlar edərək bizlərə qürurlu anlar yaşadaraq bu dostluğu daha da qürurlandırdı. Bütün dünya gördü ki, Türkiyə Cümhuriyyətinin kosmos, aviasiya, pilotsuz uçan kəşfiyyat, kommunikasiya və hərbi məqsədli qurğular istehsalı üzrə uğurlarını dünya miqyasında təbliğ edən “TEKNOFEST” elm və texnika bayramı Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirildi. Festival zamanı keçirilən yarışlar, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılmasında, gənclər arasında aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyatı kimi sahələrin təbliğində, bu sahələrdə sahibkarlığın təşviqində böyük rol oynayacaq. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı gün respublikamızda beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmək ənənəsinə sadiqliyini təsdiq etdi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev "Texnofest" Festivalının müstəqil dövlətimizin qardaş Türkiyə Cümhuriyyəti ilə elm, təhsil və texnologiya sahəsindəki qarşılıqlı əməkdaşlığının zirvəsi adlandırması bu böyük texnoloji hadisəyə verilmiş yüksək siyasi qiymətin ifadəsidir. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayib Ərdoğanın "Texnofest" Festivalını "Bir ananın iki oğlu"nun müasir mərhələdəki inkişafının, birlik və həmrəyliyinin real nümayişi kimi dəyərləndirilməsi də Azərbaycan və Türkiyə arasında elm, təhsil və texnologiyaların inkişaf etdirilməsi sahəsində də sarsılmaz birliyin geniş imkanlara malik olduğunu nümayiş etdirir. Bütün bunlara görə Texnofest Aerokosmik və Texnologiya Festivalı Azərbaycan və Türkiyənin XXI əsrdəki yeni inkişafını, qardaşlıq və əməkdaşlığını yeni tarixi mərhələyə çıxarmış möhtəşəm hadisə kimi qiymətləndirilir.
Türkiyə- Azərbaycan qardaşlığı regional, beynəlxalq müstəvidə eynilik təşkil edən milli maraqları, dövlət mənafelərinə uyğun inkişafı, çevik siyasət dünya diplomatiyasının tərkib hissəsi olmaqla, xüsusi əhəmiyyət daşıyır. Bu, təbii ki, mənəvi bağlılıqlarımızdan, ortaq tariximizdən, mədəniyyətimizdən irəli gəlir. İki ölkə rəhbərləri arasındakı bu doğmalıq Azərbaycan və Türkiyə arasındakı ikitərəfli əlaqələrin bütün sahələrdə daha da genişlənməsinə öz töhfələrini verməkdədir. Bu iki nüfuzlu liderin gələcəyə aydın baxışının, həyata keçirdikləri düzgün və məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir.
Möhtərəm Prezidentimiz festivalda çıxış edərək bildirdi ki, - “Keçən il Milli Qurtuluş Günündə - iyunun 15-də hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi. 15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa bəyannaməsini imzaladıq. Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı və bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir. “
Bu festival Azərbaycanın iqtisadi gücünü və ölkənin bölgədə söz sahibi olmasını bir daha göstərdi. Müasir texnologiyaların nümayişi, möhtəşəm festival Türkiyə və Azərbaycanın bölgədə və dünyadakı birliyinin yeni bir nümunəsidir. Bu festival da ölkəmizə yeni uğurlar, nailiyyətlər gətirəcək. Eyni zamanda Azərbaycanın bu sahə üzrə inkişafı da bundan sonra durmadan artıracaq. Dövlət başçılarının Bakıda ilk dəfə keçirilən bu festival regionun, hətta dünyanın bir sıra ölkələrində maraqla gözlənilirdi.
Möhtərəm Prezidentimiz müstəqilliyimizin bərpasının 30 illik tarixi ərzində qardaş Türkiyənin daim Azərbaycanın yanında olduğunu bildirdi ki, “Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə–Azərbaycan yenə də bir yerdədir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”.
Düşmən üzərindəki şanlı Qələbəmizdən sonra da dünya Azərbaycan –Türkiyə birliyinin şahidi oldu.
2021-ci ilin dekabrında Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradında bunun bir daha şahidi olduq. Həmin paradda qardaş ölkə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan dövlət başçımızla çiyin-çiyinə dayanmışdı. Orada, eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirdilər.
Texnofest – Azərbaycan və Türkiyə Birliyinin müasir inkişafdakı yerini və geniş imkanlarını nümayiş etdirən möhtəşəm hadisədir.
Tanrı Türkü qorusun!
Biz bir millət, iki dövlətik.
Qarabağ Azərbaycandır!
YAP Tərtər rayon təşkilatının əməkdaşı - Əli Paşayev