Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Türkiyə münasibətləri özünün qızıl dövrünü yaşayır

Azərbaycan Türkiyə münasibətləri özünün qızıl dövrünü yaşayır


Ortaq etnik köklərə malik olan Azərbaycan və Türkiyə arasında qədimdən sarsılmaz birlik, dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki müdrik Türk xalqı xoş günlərdə də, çətin günlərdə də bir-birinin yanında olaraq möhtəşəm birlik və həmrəylik nümayiş etdiriblər. Bu birlik və həmrəyliyin yalnız sözdə deyil, həmişə əməldə də şahidi olmuşuq.

Tarix boyu dövlətlərimizin və xalqlarımızın bir – birini dəstəklədikləri, bir - birinə arxa - dayaq olduqlarının saysız – hesabsız məqamları olub. Onu da qeyd etmək yerinə düşər ki, İkinci Qarabağ müharibəsi başlayanda bir çox dövlətlər gözləmə mövqeyi tutaraq məsələyə müdaxilə etməkdən ehtiyat edir və çəkinirdi. Bir çox dövlətlərin isə real mövqeyi məlum deyildi. Hətta bir sıra ölkələrin mənfur Ermənistanın tərəfində olduğu açıq – aydın görünürdü. Belə həlledici məqamda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. Dünyanın siyasət nəhəngi dəfələrlə bildirdi ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verəcəkdir.

44 günlük Vətən Müharibəsində Qətiyyətli Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz azğın düşmən üzərində Azərbaycan tarixinə qızıl hərflərlə yazılan möhtəşəm qələbə qazandı. 30 ilə yaxın müddətdə işğal altında olan dədə - baba torpaqlarımız bu qələbə nəticəsində hərbi – siyasi yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Təbii ki, tarixi Zəfərin qazanılmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq və birmənalı bəyanatları, Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Qardaş Azərbaycanın yanında olduğunu dəfələrlə bəyan etməsi Azərbaycanı daha da ruhlandırır, necə deyərlər, gücümüzə güc qatırdı.
Hazırda hər iki dövlət başçısının məqsədyönlü, müdrik və gələcəyə hesaplanmış uzaqgörən siyasətləri nəticəsində Azərbaycan Türkiyə münasibətləri ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə ucalıb və özünün qızıl dövrünü yaşayır.

Gəray Zeynallı
YAP Laçın rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş