Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda azərbaycanlı rəssam Abbas Kazımovun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgisi açılıb.
Newscenter.az xəbər verir ki, “Report”un Rusiya bürosunun məlumatına görə, tədbiri pavilyonun direktoru Səadət Kadırova açıb.
O deyib ki, ənənəvi olaraq 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə pavilyonda maraqlı sərgilər keçirilir: “Ötən il Erzi adına Beynəlxalq incəsənət fondunun uşaqlarının əsərlərinin sərgisi təşkil olunmuşdu. Bu il isə dahi Azərbaycan rəssamı Abbas Kazımovun sərgisi keçirilir”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rəssamın yaradıcılığının özəl xüsusiyyətindən söz açıb: “Evimdə onun hədiyyə etdiyi bir neçə tablo var. Bu, Azərbaycan incəsənətinin bir çox elementlərini özündə cəmləşdirən çox orijinal üslubdur. Rəssam bütün dünyada tanınır. Abbasın rəsmləri Rusiyanın ən yaxşı qalereyalarında, həm də digər ölkələrdə saxlanılır”.
TASS informasiya agentliyinin direktoru Mixail Qusman isə sənətçi ilə bağlı xatirələrini bölüşüb: “Mən Abbasla uzun onilliklər ərzində dost olmuşam. Onu saf, səmimi, dərin insan və təbii ki, bir sənətkar kimi çox sevirdim. Abbas Kazımov Vətəni Azərbaycanın vətənpərvəri idi. Sərgisinin iyunun 1-də açılması rəmzi hadisədir, çünki Abbasın uşaqlarla, uşaqların çox sevdiyi heyvanlar aləmi ilə bağlı çoxlu əsərləri var idi. O, uşaqları çox sevir, onlarla dil tapırdı. Şadam ki, Abbasın xatirəsi onun yaradıcılığında, bu sərgidə yaşayır”.