Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“TEKNOFEST” Azərbaycan-Türkiyə birliyinin daha bir təntənəsi idi

“TEKNOFEST” Azərbaycan-Türkiyə birliyinin daha bir təntənəsi idi


İki dost və qardaş ölkə, strateji müttəfiqlər olan Azərbaycan və Türkiyə öz birliklərinin sarsılmazlığını növbəti dəfə bütün dünyaya nümayiş etdirdilər. Mayın 26-29-da Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı bu birliyin daha bir bariz təzahürü oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu festivalda, həmçinin paytaxtda 7 saylı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında birgə iştirakı əsl qardaşlıq nümunəsi kimi dünyaya təqdim edildi.

“TEKNOFEST Azərbaycan” festivalının daha bir özəlliyi də ondadır ki, bu tədbirdə gənc nəslin ölkələrimiz arasında olan qardaşlığa hansı töhfələr verə biləcəyi də aydın şəkildə öz təzahürünü tapdı. Mahiyyət etibarı ilə “TEKNOFEST”-in əsasında duran əsas ideya özündə müstəqillik, qardaşlıq, elm və müasirlik kimi vacib amilləri ehtiva edir. Bu gün həm Azərbaycanın, həm də Türkiyənin bu qabaqcıl yenilikləri uğurla tətbiq etməkdə qərarlı və bacarıqlı olmaları artıq heç kəsdə şübhə doğura bilməz. Azərbaycanın apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi də müasir texnologiyaların ağıl və cəsarətlə bir araya gəldiyi zaman əldə edilə bilməyəcək heç bir nəticənin olmadığını bütün dünyaya göstərdi. Məhz bu səbəbdən də ölkələrimizin texnologiyalar sahəsində dayanıqlı inkişafı hazırda bütün dünyanın diqqətini cəlb edir. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik. Həqiqətən də Azərbaycan xalqı üçün son dərəcə önəmli olan bir gündə, 28 May-Müstəqillik Günündə Azərbaycan və Türkiyə Prezidentlərinin birlikdə olmaları hər iki ölkənin parlaq gələcəyinin ən böyük təminatıdır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda çıxışı zamanı ötən illərin sınaqlarında inkişaf edərək zirvəyə ucalmış qardaşlıq salnaməsinin önəmli səhifələrini xatırladaraq demişdir:” 1915-ci ildə Çanaqqalada,1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də öz çıxışında dediyi kimi, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. O cümlədən, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi xüsusi olaraq qeyd olunub. Müttəfiqlik Bəyannaməsi ölkələrimizin imkanlarını birləşdirdi.

“Teknofest Azərbaycan” festivalının daha önəmli bir cəhəti də Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunun və getdikcə daha da şaxələndiyinin və möhkəmləndiyinin bütün dünyaya nümayişi oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev festivalda etdiyi çıxışında məhz bu məqamı xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ötən illər ərzində qardaş Türkiyə daim ölkəmizin, xalqımızın yanında olub. Biz hər zaman bu qardaşlıq dəstəyini hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün inkişaf yolunun əsas istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanında yer alırlar. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Türkiyə və Azərbaycan yanaşı inamla addımladıqca, bölgəmizdə sülh və əmin-amanlıq da möhkəm və sarsılmaz olacaq.

Kəmaləddin Qafarov-Milli Məclisin deputatı
Xəbəri paylaş