Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında birgə iştirak edən Azərbaycan və Türkiyə Prezidentləri iki dost, qardaş, müttəfiq ölkənin keçdiyi inkişaf yoluna nəzər salıb əzəli və əbədi qardaşlığımızı şərtləndirən amilləri açıqladılar.Xatırlamaq yerinə düşər ki, XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunmuşdur. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik, dostluq, nümunəsidir. Və bunun tarixi çox qədimdir. Çünki bizi bir çox amillər birləşdirir. Ortaq etnik köklərimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, tarixən bir-birimizə arxa-dayaq olmağımız bu birliyi, bu qardaşlığı, bu təəssübkeşliyi təmin etmişdir. Ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçmişdir.
Keçən ilin iyununda bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasını sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım kimi qiymətləndirən Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd edib ki, bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoyub. Mayın 14-də Möhtərəm Prezidentimiz İlham Əliyevin Türkiyədə Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin nə qədər yüksək səviyyədə olduğunu bir daha sübut etdi. “Bir millət, iki dövlət, tək festival” şüarı ilə keçirilən “TEKNOFEST Azərbaycan” festivalı bir çox tarixi məqamlarla yadda qaldı.
2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilmiş hərbi paradda, həmçinin 2020-ci ildə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbəyə həsr olunmuş Zəfər paradında olduğu kimi, builki tədbirlərdə də Azərbaycan və Türkiyə liderlərinin birgə iştirakı dostluğun, qardaşlığın və müttəfiqliyin göstəricisidir. Türkiyə-Azərbaycan münasibətləri dünya ölkələri arasında bənzəri olmayan münasibətlərdir. Bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi strateji siyasət sayəsində hər iki qardaş xalqın maraqlarına uyğun inkişaf edir.
Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Türkiyə-Azərbaycan birliyinin mövcud səviyyəsi regional və beynəlxalq sülh və rifaha töhfə verir.
Aygün Aslanova- YAP fəalı