Müasir dünya yeni texnologiyalar,öz dövrünü qabaqlamağa qadir olan yenilikçi ideyalar üzərində təkamül edir. Bu gün Azərbaycanın və Türkiyənin yenilikləri uğurla tətbiq etməklə qərarlı və bacarlı olmaları artıq heç kəsdə şübhə doğura bilməz. O cümlədən Azərbaycanın apardığı və tarixi Qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsi də, müasir texnologiyaların ağıl və cəsarətlə bir araya gəldiyi zaman əldə edilə bilməyəcək heç bir nəticənin olmadığını bütün dünyaya sübut etdi.
May ayının 28-də Azərbaycanın Müstəqillik Günündə dünya Azərbaycan və Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik etdi, mayın 26-da Bakıda başlayan “Teknofest Azərbaycan” festivalının proqramı biri-birindən maraqlı müsabiqələrlə, əyləncəli tədbirlərlə zəngin oldu. Mayın 29-dək davam edən festivalın sərgi hissəsində insan zəkasının məhsulu olan son texnoloji yeniliklər nümayiş etdirildi. Festival çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Yıldızları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi uçuşları təşkil olundu. 2018-ci ildən keçirilməyə başlanan “Teknofest” Aerokosmik və Texnologiya Festivalının ildən - ilə artan nüfuzu beynəlxalq aləmdə onun böyük əhəmiyyətindən xəbər verir. Əlbəttə ki, bu möhtəşəm layihənin ölkəmizdə keçirilməsi ilk növbədə Azərbaycanın növbəti böyük uğurudur. “Teknofest Azərbaycan” festivalının daha önəmli bir cəhəti də Türkiyə - Azərbaycan münasibətlərinin çox yüksək səviyyədə olduğunun bütün dünyaya bir daha nümayişi oldu. Möhtərəm prezidentimiz İlham Əliyevin və qardaş Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın bu festivalda iştirakı festivalın əhəmiyyətini daha da artırdı. Bu Türkiyə - Azərbaycan dostluğunun, qardaşlığının əbədi və sarsılmazlığını bir daha dünyaya göstərdi. Bu festival həm də beynəlxalq əhəmiyyətli festival oldu. Azərbaycan və Türkiyə prezidentlərinin festivaldakı çıxışları ölkələrimizin daim birliyini,dostluq və qardaşlıq münasibətlərini bütün dünyaya növbəti dəfə nümayiş etdirdi.Və bu festivalda cənab prezident İlham Əliyev çıxışında bir daha bəyan etdi ki, bundan sonra da Azərbaycan və Türkiyə yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək.
"TEKNOFEST Azərbaycan" aerokosmik və texnologiya festivalında çıxış edən Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğan da bir sıra mühüm məqamlara diqqət çəkdi. Qardaş ölkənin başçısı bəyan etdi ki, müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə Azərbaycanın yanındadır. Daha sonra qeyd etdi ki, regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərəcəkdir. Əsas hədəf sülhün təmin olunması, mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir.
Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi xarakterizə etdiyi Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü, qardaşlıq siyasətinin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni, daha güclü müstəviyə keçməkdədir. Dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə münasibətləri tarixin bütün sınaqlarından alnıaçıq, üzü ağ çıxaraq bu gün ən yüksək mərhələsində - Qardaşlıq mərhələsində inamla addımlayır. Həmin qardaşlıq nümunəsi tarixi keçmişimizə, soykökümüzə söykənən şərəfli bir səlnamənin məntiqi davamıdır.
Gülnar Vahidzadə - Tərtər şəhər Şıxarx 2 saylı məktəbin müəllimi, YAP fəalı