Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı. Otuz illik işğala son qoyulmasında və Azərbaycanın ərazi bütövlüyünün bərpasında Türkiyənin mənəvi-siyasi dəstəyini dövlətimiz və xalqımız yüksək qiymətləndirməklə heç vaxt unutmayacaq.
Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişafının spesifik xüsusiyyətlərini biz cari ilin may ayının 26-29-da baş tutumuş “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında müşahidə etdik. Bu festival təkcə iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin dərinləşməsinə deyil, həm də regionun və bütün türk dünyasının əlaqələrinin möhkəmləndirilməsinə və gələcək inkişafına zəmin yaradacaqdır.
"TEKNOFEST Azərbaycan" fesvitalı bir daha dünyaya iki qardaşın birliyinin əbədi və əzəli olduğunu nümayiş etdirdi. Festival Azərbaycan və Türkiyə gənclərinin nümayiş etdirdikləri birlik, həmrəylik fonunda iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafının da aydın mənzərəsini yaratdı. Bu festival xalqlarımızın və ölkələrimizin şanlı birlik salnaməsinə pozulmaz yeni və parlaq səhifələr əlavə etdi. Qürurverici və sevindirici haldır ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi Məmmədova Nəzrin