Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan yığması Qazaxıstana məğlub olub

Azərbaycan yığması Qazaxıstana məğlub olub


Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununu keçirib.

Newscenter.az xəbər verir ki, "Report"un məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Liqasında 3-cü qrupun qarşılaşmasında Qazaxıstanın qonağı olub.

Nur-Sultan şəhərindəki "Astana Arena"da təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Abat Aymbetov vurub.

Matçın ilk yarım saatı ərzində meydanda bərabər mübarizə getsə də, fasiləyə doğru Azərbaycan millisi pressinq hesabına təşəbbüsü ələ alıb. Ən real qol vəziyyəti 31-ci dəqiqədə qeydə alınıb. Renat Dadaşovun rəqib cərimə meydançası xaricindən endirdiyi qüvvətli zərbəni qapıçı İqor Şatski dəf etməyi bacarıb. Bir dəqiqə sonra Şatski Azər Salahlının fərqlənməsinə imkan verməyib. 35-ci dəqiqədə isə Salahlının qapıya doğru qüvvətli zərbəsindən sonra top Emin Mahmudova dəyərək, istiqamətini dəyişib.

İlk yarıda qol vurulmasa da, fasilədən sonra meydan sahibləri daha inamlı təsir bağışlayıblar. 50-ci dəqiqədə Aymbetovun uzaq məsafədən zərbəsindən sonra top tora daxil olub. Tezliklə Qazaxıstan millisi ikinci qolu vurub. Lakin macarıstanlı referi İştvan Vad VAR sisteminə müraciət etdikdən sonra qolu qeydə almayıb. 60-cı dəqiqədə Aymbetov yenidən fərqləndikdə də VAR-a baxılıb. Bu dəfə qolun qaydalar çərçivəsində vurulduğu təsbit olunub.

Qalan dəqiqələrdə Azərbaycan millisinin ən azı təsəlli qolunu vurmaq üçün cəhdləri səmərə verməyib. 68-ci dəqiqədə Aleksey İsayevi Anatoli Nuriyevin, Renat Dadaşovu Namik Ələskərovun, 79-cu dəqiqədə Bədavi Hüseynovu Tural Bayramovun, Emin Mahmudovu Dmitri Nazarovun və Mahir Emrelini Ramil Şeydayevin əvəzləməsi də səmərəsiz olub.

Beləliklə, Azərbaycan yığması Millətlər Liqasına məğlubiyyətlə başlayıb. Milli komanda növbəti görüşünü iyunun 6-da Serbiyanın Novi-Sad şəhərində Belarusa qarşı keçirəcək.
Xəbəri paylaş