Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mübariz Mənsimovdan azərbaycanlı gənclərə məsləhət: “Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməyə çalışın”-FOTOLAR

Mübariz Mənsimovdan azərbaycanlı gənclərə məsləhət: “Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməyə çalışın”-FOTOLAR


“Bir məsləhətim var: Azərbaycanı Azərbaycanda deyil, Azərbaycandan kənarda təmsil etməyə çalışın. Bir xalq nə zaman güclü olur? Onun xaricdəki lobbisi güclü olanda. Çünki lobbini yaradan insanlar intelektual baxımından zəngin insanlardır. Onlar da sizlərsiniz, təhsil alanlar. Beyniniz həmişə rahat olsun. Biz, “Spring Marine” və “Palmali” olaraq, sizinlə sona qədər bərabərik və sizinləyik. Vətəni düşünün, böyük Azərbaycanımızı düşünün. Onu layiqli şəkildə təmsil edin, cünki Azerbaycanın sizin kimi təhsilli, savadlı insanlara çox ehtiyacı var”.

Newscenter.az xəbər verir ki, bunu “Palmali” Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimov Türkiyənin ali təhsil müəssisələrində təhsil alan 177 tələbə arasında sertifikat və təqaüdlərin verilməsi ilə bağlı müqavilələrin imzalanması mərasimində bəyan edib. Türkiyənin Ankara, İstanbul, Sivas, Adana, Antalya və digər şəhərlərindən gələn tələbələr şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi qazilərinin yaxınları və ağır maddi durumda olan ailələrin övladlarıdır. Qeyd edək ki, seçilən tələbələr yüksək bal toplayanlar və təhsil müddətində ciddi nailiyyətləri ilə fərqlənən gənclərdir.

Təqaüdə layiq görülən tələbələr arasında bu il mayın 26-29-da Azərbaycanda keçirilən “TEKNOFEST” festivalında təmsil olunan “Drone X” komandasının üzvləri, Türkiyənin “Yıldız” Texniki Universitetinin tələbələri də var idi. “Drone X” “Palmali” Şirkətlər Qrupu tərəfindən ana sponsorluq edilən komandadır.

Tədbirdə tələbələr qarşısında çıxış edən azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimov bunları bildirdi:

“Burada “Palmali” və Mübariz Mənsimov haqqında xoş sözlər dedilər. Bilməyinizi istərdim ki, yalnız “Palmali” deyil, “Spring Marine Dənizçilik” şirkətinin də bu layihənin gerçəkləşdirilsində iştirak edir. Yəni, bu, tək Mübariz Mənsimovun deyil, böyük bir ailənin əməyidir. Və hər şeydən öncə də sizin haqq etdiyiniz, Allah tərəfindən sizə göndərilmiş bir ruzidir. Həyatımı yenidən başlasam nə edərdim? Düşünürəm, daha çox təhsil alardım. Təhsil bir yatırımdır. Təhsil çox önəmlidir. Bu günün işini sabaha buraxmayın. Bunu unutmamalısınız. Dünəni geridə buraxıb gələcəyi düşünün. Hədəfiniz olsun və ona doğru gedin. Bir dövlətin ən böyük gücü cahillər deyil, əksinə, təhsilli, savadlı insanlardır. Sizə təhsildə müvəffəqiyyətlər arzulayıram. Sizin bir missiyanız da var: Vətən müharibəsində şəhid olmuş atalarınızın ruhunu şad etmək üçün də oxumalısınız. Savad almalısınız. O zaman onların ruhu şad olacaq. Allah hamınızın yolunu daim açıq etsin, diləkləriniz gerçək olsun”.

Tədbirdə “Spring Marine Dənizçilik” şirkətinin İdarə Heyətinin sədri Səbahəttin Su, “Demsa Holding” şirkətinin sahibi Hüseyn Dəmir, dünya şöhrətli rəssam-heykəltəraş Sənan Eynullayev, İstanbulun “Yeditəpə” universitetinin müəllimi, Azəbaycanın Əməkdar İncəsənət xadimi, professor Rafiq Əzizov, Türkiyədə təhsil alıb və hazırda burada həkim kimi fəaliyyət göstərən azərbaycanlılar və digər ziyalılar da iştirak ediblər. Tələbələrə öz tələbəlik illəri və uğurları barədə danışan qonaqlar başqa ölkələrdə Azərbaycanı necə təmsil etmək haqqında tövsiyələrini paylaşıb, gənclərə böyük uğrlar arzulayıb və “Palmali” şirkətinin daim onların yanında olduğunu bildiriblər.

Qeyd edək ki, ilkin mərhələdə “Palmali” Şirkətlər Qrupunun 150 nəfər azərbaycanlı tələbəyə təqaüd veriləcəyi bildirilsə də, hazırda bu rəqəm 177-yə çatıb. Bu onunla əlaqədardır ki, şirkətin prezidenti Mübariz Mənsimovun 2020-2021-ci illərdə saxta ittihamlarla həbs olunması ilə bağlı həmin müddətdə bir sıra tələbələrə təqaüdlərin verilməsi dayandırılmışdı. Və indi həmin tələbələrin adları da təqaüd alacaq şəxslərin siyahısına əlavə edilib.

Bir daha xatırladaq ki, “Palmali” Şirkətlər Qrupu Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün elan etdiyi “Təqaüd Programı” üzrə seçim əsasında 177 azərbaycanlı tələbə şirkətin təqaüdünə layiq görülüb. Tələbələrin müraciətləri 15 mart – 31 aprel tarixlərində qəbul olunmuşdu. Azərbaycandan olan 1000 nəfərə yaxın tələbə təqaüd və təhsil haqlarının ödənməsinə kömək göstərilməsi, sosial vəziyyətlərinin çətin olması ilə bağlı şirkətə müraciət etmişdi. Seçilənlərin böyük əksəriyyəti Türkiyənin müxtəlif dövlət universitetlərində təhsil alan azərbaycanlı tələbələrdir. Vurğulamaq lazımdır ki, bu sosial layihə demək olar, hər il qardaş ölkənin müxtəlif təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələri əhatə edir.

“Palmali” təqaüdünü qazanan bir neçə tələbəyə şirkətdə təcrübə keçmək imkanı da yaradılıb. “Palmali” Şirkətlər Qrupu 2022-2023 tədris ili üçün təqaüd qazanan tələbələri təbrik edir və təhsillərini uğurla başa vurub vətənə faydalı və peşəkar mütəxəssis olmalarını arzu edir.

Mehman
Xəbəri paylaş