Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Avropanın etibarlı enerji təminatçısıdır

Azərbaycan Avropanın etibarlı enerji təminatçısıdır


Ölkəmizin şanlı qələbəsinin Avrasiyanın geoiqtisadi xəritəsində yaratdığı yeni imkanlar beynəlxalq nəqliyyat sisteminin bütövlükdə yenidən formalaşdırılması reallığını yaradıb. Artıq bir çox Asiya ölkələri bu yeni imkanların fərqindədir. Xüsusilə, Mərkəzi Asiya ölkələrinin yeni bazarlara çıxışında Zəngəzur dəhlizinin iqtisadi önəmi vurğulanmalıdır. Dünya iqtisadiyyatının əsas lokomotivlərindən biri sayılan Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə daşınması potensialı və eləcə də, Süveyş kanalından keçən dəniz nəqliyyat yoluna alternativ nəqliyyat dəhlizinin formalaşdırılması Azərbaycanın, eləcə də Zəngəzur dəhlizinin vacib nəqliyyat arteriyasına çevrilməsinə şərait yaradır.

Artıq dünyada cərəyan edən prosesləri qabaqlayan, neftin qiymətində müşahidə edilən tərəddüdləri aradan qaldırmağa yönəlik addımlar atan və bütün bunların kontekstində hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etməyi ali məqsəd kimi qarşıya qoyan hökumət fəaliyyətini yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmayıb, zəruri olan bütün sahələrdə kompleks islahatlar aparır və müxtəlif istiqamətlərdə infrastruktur layihələrinin gerçəkləşdirilməsinə xüsusi diqqət yetirir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edib. Dövlət başçısı qeyd edib ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətin genişləndirilməsi həm Azərbaycan, həm də tərəfdaşlarımız üçün zəruridir.

“Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq. Göstəricilər hasilat işlərindən və Azərbaycanın Xəzərdəki sektorunda yerləşən digər yataqların istismarından asılı olaraq, fərqli ola bilər”.

Dövlət başçısı “Şahdəniz”lə yanaşı, digər yataqların da çox perspektivli olduğunu diqqətə çatdırıb. Bildirib ki, gələn il onların bəzilərində hasilat başlayacaq və bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacaq.

“Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda, Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır”, - deyə dövlət başçısı əlavə edib.

SOCAR və BP strateji tərəfdaşdırlar. Azərbaycan üçün neft və qaz sahəsində BP strateji tərəfdaş və aparıcı investordur. Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. Enerji layihələri daxili inkişafımız üçün də çox əhəmiyyətlidir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr ölkəmizin iqtisadi potensialını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub.

N.Həsənli
Xəbəri paylaş